Azərbaycanda bankların mənfəəti 1,9 dəfə azalıb

Azərbaycanda bankların mənfəəti 1,9 dəfə azalıb
# 09 avqust 2010 08:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2010-cu ilin yanvar-iyun aylarında əldə etdiyi vergi ödənilənədək mənfəətin həcmi 80,77 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 75,91 mln. manat və ya 1,9 dəfə azalıb.

Yanvar-iyun aylarının yekunlarına görə, 78,77 mln. manat təşkil edən aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar nəzərə alınmaqla, bankların cəmi mənfəətinin həcmi 159,54 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 43,3 mln. manat və ya 21,4% azdır. Qeyd edək ki, ötən ilin 6 ayı ilə müqayisədə, aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar 1,7 dəfə artıb ki, bu da bankların gəlirliyinə birbaşa mənfi təsir edir. Bundan əlavə, bankların yekun mənfəətin azalmasına səbəb kimi bankların qeyri-faiz əməliyyatlarında zərərin yaranmasını qeyd etmək olar.

Belə ki, bankların faiz gəlirləri 506,71 mln. manat, faiz xərcləri 267,97 mln. manat təşkil etdiyi, nəticədə xalis faiz mənfəətin 238,74 mln. manat həcmində olduğu halda, bankların qeyri-faiz gəlirləri 130,34 mln. manat, qeyri-faiz xərcləri isə 209,56 mln. manat təşkil edir ki, bunun da nəticəsində qeyri-faiz əməliyyatları üzrə 79,22 mln. manata bərabər olan zərər yaranıb. Beləliklə, banklar faiz əməliyyatlarından qazanılmış mənfəətin 33%-ni qeyri-faiz xərclərin ödənilməsinə yönəltməli olur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR