«Paşa Sığorta» şirkəti IMIA-nın tamhüquqlu üzvü olub

«Paşa Sığorta» şirkəti IMIA-nın tamhüquqlu üzvü olub
# 16 avqust 2010 12:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkəti Mühəndis Riskləri üzrə Sığortaçıların Beynəlxalq Assosiasiyasının (IMIA) İcraiyyə Komitəsinə tamhüquqlu üzv qəbul olunub.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Paşa Sığorta» IMIA-nın tərkibində ilk Azərbaycan sığorta şirkətidir. Bu qərara əlavə olaraq, «Paşa Sığorta» şirkətinin əmlak və mühəndis-tikinti sığortası üzrə sektor rəhbəri Fərid Hidayətov assosiasiyanın işçi komitəsinin daimi üzvü təsdiq olunub və şirkəti 2010-cu ilin sentyabr ayında Berlində (Almaniya) keçiriləcək IMIA-nın illik konfransında təmsil edəcək.

Qeyd edək ki, 1968-ci ildə yaradılmış IMIA mühəndislik sığortalarının metodologiyası, risk menecmenti və statistikası sahəsində biliklərin və ən yeni texnologiyaların təbliği və formalaşdırılması üzrə dünyanın aparıcı peşəkar mərkəzidir. Assosiasiya təcrübələrini bölüşən, araşdırmalar aparan, vacib məsələləri müzakirə edən və bütün mühəndislik sığorta növləri üzrə araşdırma materialları nəşr edən mütəxəssislərdən ibarət dünya şəbəkəsidir. IMIA-nın işinin ən vacib istiqamətlərindən biri bütün bazar iştirakçılarına risk-menecment, anderraytinq və sığorta hadisələrinin tənzimlənməsi sahəsində dəstək olmaqla mühəndis risklərinin xüsusiləşmiş bazarının sonrakı peşəkarlaşmasıdır. IMIA-nın tamhüquqlu və assosiativ üzvləri sırasına aparıcı sığorta assosiasiyaları, sığorta və təkrarsığorta şirkətləri, brokerlər və mühəndislik sığortaları sahəsində sığorta hadisələrinin tənzimlənməsi üzrə məsləhətçilər qəbul edilir.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Şirkət 9 mln. manat nizamnamə kapitalı və 19 mln. manat aktivlə ölkənin aparıcı sığortaçılarının ilk üçlüyünə daxildir. Hazırda şirkət 4 icbari və 26 könüllü sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR