Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin bu il 10% artacağı gözlənilir

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin bu il 10% artacağı gözlənilir
# 18 avqust 2010 14:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 2 mlrd. ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Bu isə ötən ilin faktiki göstəricisinə nisbətən təxminən 10% çoxdur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan və Rusiya arasında 2010-cu ilin birinci yarısında aparılan ticarət əməliyyatlarının yekunlarına dair bu gün Bakıda keçirilən mətbuat konfransında Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.

Onun sözlərinə görə, 2010-cu ilin ilk yarısında iki ölkə arasında ticarət dövriyyəsi 848,8 mln. dollar təşkil edib ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 17% artıb: «O cümlədən, Azərbaycandan Rusiyaya ixrac olunan mal və məhsulların həcmi 44,4% artaraq 360,4 mln. dollara, Rusiyadan Azərbaycana ixrac olunan məhsulların həcmi isə 2,7% artaraq 488,2 mln. dollara çatıb».

Y.Şedrin qeyd edib ki, hesabat dövründə Rusiyadan Azərbaycana əsasən maşınqayırma, avtomobil, kimya sənayesi, metallurgiya məhsulları, tikinti materialları, ərzaq məhsulları və kənd təsərrüfatı xammalı ixrac olunub: «Azərbaycandan isə Rusiyaya əsasən meyvə-tərəvəz, çaxır, konyak, qənd və bu kimi digər məhsullar göndərilib».

Y.Şedrin bildirib ki, 2010-cu ilin sonuna iki ölkə arasında ticarət dövriyyəsinin 2009-cu illə müqayisədə təxminən 11% artacağı, optimist proqnozlara görə isə 2 mlrd. dollara çatacağı gözlənilir.

Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi onu da qeyd edib ki, cari ilin ilk yarısında Rusiya Azərbaycanda əsas kapitala 1 937,2 min manat məbləğində vəsait yönəldib: «Vəsaitlər əsasən ölkənin qeyri-neft sektoruna yönəldilib, bu da Azərbaycan üçün çox əhəmiyyətlidir. Ümumiyyətlə, hazırda Azərbaycanda 500-dən artıq Rusiya şirkəti fəaliyət göstərir ki, onlardan 170-i 100% Rusiya kapitallıdır, 230-u isə birgə müəssisədir. Bundan başqa, cari ilin iyun ayında bir sıra Rusiya şirkətləri Azərbaycanda qeydiyyatdan keçib».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR