Azərbaycan parlamenti plenar iclasda 2011-ci il dövlət büdcəsinin layihəsi üzrə müzakirələrə başlayıb

Azərbaycan parlamenti plenar iclasda 2011-ci il dövlət büdcəsinin layihəsi üzrə müzakirələrə başlayıb
# 12 oktyabr 2010 10:01 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, iclasda Azərbaycanın baş naziri Artur Rasizadə və hökumət nümayyəndələri də iştirak edirlər.

Müzakirələr zamanı parlamentin spikeri Oqtay Əsədov bildirib ki, büdcə və büdcə zərfində olan sənədlər səngiməkdə olan dünya iqtisadi böhranı nəzərə alınaraq hazırlanıb və dünya iqtisadiyyatında baş verən dəyişmələr də nəzərə alınıb. O.Əsədovun sözlərinə görə, dövlət büdcəsinin gəlir və xərclər hissəsində 4-5%-lik artım, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində isə 12%-lik artım nəzərdə tutulub. Spiker vurğulayıb ki, dövlət büdcəsi parlamentin komitələrində müzakirə olunaraq müsbət rəy alıb.

İclasda MM-in İqtisadi siyasət üzrə komitəsinin sədri Ziyad Səmədzadə də büdcə haqqında danışıb.

Sonra parlamentarilər qarşısında çıxış edən maliyyə naziri Samir Şərifov büdcənin parametrləri haqqında məlumat verib. Belə ki, 2011-ci il üçün büdcənin gəlirləri 12 061 mln. manat, xərcləri isə 12 748 mln. manat həcmində proqnozlaşdırılır. Büdcə tərtib olunarkən neftin 1 barelinin qiyməti 60 ABŞ dolları səviyyəsində götürülüb. Gələn ilin icmal büdcəsinin gəlirləri 15 558 mln. manat, xərcləri isə 15 129 mln. manat həcmində proqnozlaşdırılır. Naxçıvan Muxtar Respublikasının gəlir və xərcləri isə eyni məbləğdə - 393 mln. manat proqnozlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR