«United Credit Bank» son bir ildə aktivlərini 16% artırıb

«United Credit Bank» son bir ildə aktivlərini 16% artırıb
# 13 oktyabr 2010 12:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 40,089 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 16% çoxdur.

Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə bankın kredit portfeli 25% artaraq 31,617 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 25,1% artaraq 11,965 mln. manata çatıb. Bu müddət ərzində bankın depozit portfeli 29,2% genişlənərək 13,479 mln. manat, o cümlədən müddətli depozitlər 35,5% artaraq 11,250 mln. manat, müddətsiz depozitlərin həcmi isə 4,8% artaraq 2,229 mln. manat olub. Müddətli depozitlərin strukturunda fiziki şəxslərin əmanətləri 18,3% artaraq 7,832 mln. manat, hüquqi şəxslərin depozitləri isə 2 dəfə artaraq 3,418 mln. manat təşkil edib. Eyni zamanda, müddətsiz depozitlərdə hüquqi şəxslərin depozitləri 31% artaraq 1,111 mln. manat, fiziki şəxslərin əmanətləri isə 10% azalaraq 1,003 mln. manata çatıb.

Bununla yanaşı, hesabat dövrünün sonuna bankın məcmu kapitalı 5% azalaraq 12,380 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 12,108 mln. manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında bankın gəlirləri 9,4% artaraq 4,221 mln. manata, xərcləri isə 25,6% artaraq 5,521 mln. manata çatıb. Ümumi gəlirlərin 3,790 mln. manatı faiz gəlirlərinin, 0,431 mln. manatı isə qeyri-faiz gəlirlərinin payına düşüb. Xərclərin strukturunda faiz xərclərinin həcmi 1,830 mln. manat, qeyri-faiz xərcləri isə 3,691 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin oktyabr ayının 1-nə bankın 5 filialı, 5 bankomatı, 39 POS-terminalı və 117 işçisi mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR