Fransanın aparıcı sığorta şirkəti Azərbaycandakı sığorta təşkilatında iştirak payı alıb

Fransanın aparıcı sığorta şirkəti Azərbaycandakı sığorta təşkilatında iştirak payı alıb
# 14 oktyabr 2010 10:36 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə «MBASK»ın Müşahidə Şurasının sədri Eldar Qəribov Avropa Yenidənqurma və İnkişaf Bankına (30%) və şəxsən özünə məxsus iştirak payından bir hissənin (21%) «AXA Seguros Generales» şirkətinə satıldığını bildirib.

E.Qəribovun sözlərinə görə, AYİB 5 ildən artıq müddətdə «MBASK» sığorta şirkətinin səhmdarları sırasında olub və səhmlərin satılması bankın strategiyasının bir hissəsidir: «Bu müddət ərzində şirkətin biznes proseslərinin təkmilləşdirilməsində, institutsional inkişafında, xüsusən də korporativ idarəetmə, risklərin idarə edilməsi, beynəlxalq hesabat standartlarının tətbiq olunması sahəsində AYİB-in rolunu qeyd etmək lazımdır. Bu gün AXA ilə imzalanmış müqavilə və bununla da yerli şirkətin faktiki olaraq, dünyanın ən iri maliyyə-sığorta qrupunun bir hissəsinə çevrilməsi, həm ölkə daxilində, həm də xaricdə müştərilərə sığorta və təkrarsığorta xidmətlərinin göstərilməsində «MBASK»ın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək, eyni zamanda sığorta bazarında sağlam rəqabətin daha da inkişaf etməsinə şərait yaradacaq, Azərbaycanın maliyyə bazarına investisiya marağının artması üçün ciddi təkan verəcək».

E.Qəribov qeyd edib ki, «AXA Seguros Generales» şirkəti tərəfindən səhmlərin nəzarət paketinin əldə edilməsi ilə «MBASK»ın Direktorlar Şurası və İdarə Heyətinin tərkibində dəyişikliklərin edilməsi gözlənilir. Belə ki, «AXA Seguros Generales» şirkəti tərəfindən şirkətin Direktorlar Şurasına üç, İdarə Heyətinə isə iki namizədin təyin edilməsi gözlənilir. Şirkətin Direktorlar Şurasının sədri vəzifəsini Eldar Qəribov icra edəcək.

Tədbirdə «AXA MedLa Region» (Aralıq Dənizi və Latın Amerikası regionu) şirkətinin yeni bazarların inkişafı üzrə direktoru Frederik Fleju bildirib ki, hər iki şirkət öz qüvvəsini birləşdirərək yeni bazarda imkanlardan istifadə edərək «MBASK» sığorta şirkətinin inkişafını daha da sürətləndirəcək: «Həmçinin, sığortaçı kimi uzunmüddətli sığorta işinə sadiq qalmaq və müştərilərin müdafiəsinə hazır olmaq niyyətindəyik».

AYİB-in Bakı ofisinin rəhbəri Fransis Deleyin sözlərinə görə, AYİB Azərbaycanda və bütövlükdə regionda sığorta və maliyyə sahələrinin inkişafına uzunmüddətli tərəfdaşlığını nümayiş etdirib: «Biz inanırıq ki, AXA-nın Azərbaycana gəlişi ölkənin sığorta sektorunun inkişafında mühüm mərhələ olacaq. Həmçinin, «MBASK» Avropanın lider sığortaçılarından birinin rəhbərliyi ilə inkişafını davam etdirməyə hazırdır. AYİB ölkənin maliyyə sahəsinin dəstəklənməsi üçün yeni imkanların axtarışını davam etdirəcək».

Qeyd edək ki, «MBASK» sığorta şirkəti Azərbaycanın sığorta bazarında 1992-ci ildən fəaliyyət göstərir və müştərilərə 29 sığorta növü xidmət göstərir Şirkətin 100 işçisi, 5 regional filialı mövcuddur. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manatdır.

«AXA Group» dünyada ən iri sığorta şirkətlərindən biridir və gəlirlərinə görə dünyanın 9-cu ən iri şirkətidir. AXA 57 ölkədə, əsasən Qərbi Avropada, Şimali Amerikada, Asiya-Sakit okean regionunda və Yaxın Şərqdə fəaliyyət göstərir. Qrupun 216 mindən artıq əməkdaşı və dünya üzrə 96 mln. müştərisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR