«Dəmirbank» daha bir pulköçürmə sistemi ilə xidmətlərə başlayıb

«Dəmirbank» daha bir pulköçürmə sistemi ilə xidmətlərə başlayıb
# 18 oktyabr 2010 10:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC təcili pul köçürmələri sahəsində fəaliyyətini gücləndirmək məqsədi ilə «PrivatMoney» sisteminə qoşularaq əhaliyə bu sistemlə köçürmə xidmətləri təklif etməyə başlayıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, «PrivatMoney» sistemi ilə Rusiya, Ukrayna, Belarus və digər MDB ölkələri, eləcə də Böyük Britaniya, İtaliya, Portuqaliya, Çexiya və Kipr daxil olmaqla 15-dək ölkə üzrə pul göndərmək və almaq mümkündür. «PrivatMoney» sistemi müştərilərə ABŞ dolları və avroda 7-10 dəqiqəyə köçürməni həyata keçirməyə imkan verir.

İndiyədək «Dəmirbank» həmçinin «Western Union», «Contact», «Bıstraya Poçta», «Zolotaya Korona», «Coinstar» və «Blizko» sistemlərinə də qoşulub, bu isə 200-dək ölkəni əhatə etməyə imkan verir. Bank yaxın gələcəkdə daha bir neçə sistemə qoşulmaq üçün iş aparır.

Hazırda «Dəmirbank»ın Bakı və regionlarda 29 filialı təcili pulköçürmə xidmətləri göstərir.

Qeyd edək ki, «Dəmirbank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR