Məhəmməd Cəhromi: «İran İxracat Bankı Azərbaycan bankları ilə əməkdaşlıq etməyə hazırdır»

Məhəmməd Cəhromi: «İran İxracat Bankı Azərbaycan bankları ilə əməkdaşlıq etməyə hazırdır»
# 21 oktyabr 2010 10:38 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev – APA-Economics. İran və Azərbaycan arasında mövcud əlaqələr bütün sahələr üzrə yüksək səviyyədədir. Bunu «APA-Economics»ə açıqlamasında Bakıda səfərdə olan İran İxracat (Saderat) Bankının müdiri Məhəmməd Cəhromi bildirib.

Onun sözlərinə görə, İran Azərbaycanla oxşar və birgə tarixə malikdir: «İki ölkənin iqtisadi əlaqələri digər ölkələrə nisbətən daha genişdir. Bu, təkcə həmsərhəd ölkələr olduğuna görə deyil, iki xalqın din, dil, mədəniyyət baxımından yaxın olmasından irəli gəlir».

M.Cəhromi bildirib ki, iki ölkənin bank təşkilatları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi Azərbaycan və İranın iqtisadi inkişafına dəstək verəcək: «Bu əlaqələrin dərinləşməsi İran tərəfinin Azərbaycanda müəyyən sahələrə, xüsusən də iqtisadiyyata daha çox sərmayə yatırmasına səbəb olacaq».

İran İxracat Bankının müdiri hesab edir ki, dünyada avro və dolların mövqelərinin zəifləməsi beynəlxalq bazara yeni pul vahidlərinin çıxmasına stimul verir: «Düşünürəm ki, region ölkələri iqtisadi cəhətdən daha yaxından əməkdaşlıq etməlidir, avro və dollar əvəzində öz pul vahidlərini işlətməlidir. İkitərəfli və çoxşaxəli əlaqələr bazasında yeni müqavilələr imzalanmalıdır».

M.Cəhrominin fikrincə, gələcəkdə iqtisadi böhranın təkrarlanmaması üçün region dövlətləri İslam bankçılığını inkişaf etdirməlidir: «Əgər İslam bankçılığı daha dərindən araşdırılıb tətbiq edilərsə, heç vaxt iqtisadi sahədə maliyyə böhranı yaşanmaz. Hazırda Avropa, Asiya və Amerika ölkələri İslam bankçılığı sistemini daha detallı araşdırır və onun tətbiqi üzərində işləyir».

Bununla yanaşı M.Cəhromi vurğulayıb ki, Bakıya səfəri zamanı bəzi yerli bankların rəhbərliyi ilə görüşlər keçirmək niyyətindədir: «Bizim bank region ölkələri, xüsusən də Azərbaycandakı banklarla əməkdaşlıq etməyə hazırdır. Səfər çərçivəsində müəyyən banklarla müzakirələrimiz olacaq. Ümid edirəm ki, bu əməkdaşlığımız iki ölkənin iqtisadi cəhətdən daha da inkişaf etməsinə müsbət təsir göstərəcək».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR