Gələn ilin yanvarında Azərbaycanda əmək pensiyalarının sığorta hissəsi artırılacaq

Gələn ilin yanvarında Azərbaycanda əmək pensiyalarının sığorta hissəsi artırılacaq
# 29 oktyabr 2010 11:36 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib. O bildirib ki, bu il gözlənilən inflyasiya faizinə uyğun olaraq təxminən 6 faizlik bir həddə bütün pensiyaların sığorta hissələri indeksləşdirilərək artırılacaq. DSMF gələn ilin II yarısında əmək haqlarının artım sürətinə, toplanacaq məcburi dövlət sosial sığorta haqlarının məbləğinə uyğun olaraq aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə digər tədbirlərin görülməsi üçün də məsələ qaldıracaq.

S. Müslümov qeyd edib ki, artımların baş verməsi üçün əmək haqlarının leqallaşdırılması əsas məsələdir. Buna uyğun olaraq sosial sığorta haqlarının artımı baş verə bilər. Bu da öz növbəsində aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlərin görülməsinə imkan yaradar.

DSMF sədrinin sözlərinə görə, pensiyaların yüksək olması üçün müəssisələr tərəfindən əməkhaqqı leqallaşdırılaraq sənədlərdə 100% göstərilməli, həmin vəsaitin də 25%-i fonda ödənilməlidir: “Bu, pensiyaların artırılmasına imkan verəcək. Amma bu gün bunu etmək mümkün deyil. Biz keçmişdə pensiyaya çıxanların pensiyasını ödəmək üçün Dövlət Neft Fondundan ildə 600 milyon manat transfer alırıq. Bu gün bizdə 1997-ci ilə qədər pensiyaya çıxan 600 minə yaxın şəxs qeydiyyatdadır. Biz hüququ olmaya-olmaya onların ötən dövrünü staj kimi qəbul edib onları pensiyaya çıxarmışıq. Onların pensiyasını hər ay Dövlət Neft Fondundan transferin hesabına ödəyirik. Ona görə də artımlar çətinləşir”.

S. Müslümov deyib ki, bu gün pensiyaya çıxanlarla 10 il sonra pensiyaya çıxanların pensiya məbləğləri arasında böyük fərq olacaq. Çünki əməkhaqqının bugünkü səviyyəsi ilə 10 ildən sonrakı səviyyəsi arasında böyük fərq olacaq: “Əməkhaqqının dörddə biri qədər, yəni 25% biz sosial sığorta alırıq. Deməli, əməkhaqqının artımının dörddə biri qədər artım etmək imkanımız var. Bu səbəbdən həmin pensiyanın artım sürəti əməkhaqqının artım sürətindən geri qalacaq. İndi pensiyaya çıxanla 10 ildən sonra pensiyaya çıxan arasındakı fərqi aradan qaldırmaq da çətin məsələdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR