Dünya Bankı ilk dəfə olaraq yuanda istiqraz buraxıb

Dünya Bankı ilk dəfə olaraq yuanda istiqraz buraxıb
# 05 yanvar 2011 12:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Dünya Bankı (DB) ilk dəfə olaraq Çinin milli valyutası olan yuanda istiqraz buraxıb.

«APA-Economics»in «AFP»yə istinadən verdiyi məlumata görə, ümumi həcmi 500 mln. yuan, tədavül müddəti isə 2 il olan istiqrazları DB Honkonq bazarında satacaq.

DB rəsmilərinin fikrincə, sözügedən emissiya bazarı daha da dərinləşdirəcək və investorlara öz valyuta aktivlərini diversifikasiya etməyə imkan yaradacaq.

Qeyd edək ki, DB-dan öncə yuanda qiymətli kağızları «Caterpillar» və «McDonald’s» kimi iri təşkilatlar emissiya edib. Ümumiyyətlə, Çin hökuməti yuanın beynəlxalq hesablamalarda tətbiqini genişləndirmək niyyətindədir. Lakin hazırda Çin dünyanın ən iri ixracatçı ölkəsinin olmasına baxmayaraq, yuanın əhəmiyyəti o qədər də artmayıb. Belə ki, yuanı digər ölkələrin valyutasına sərbəst dəyişmək mümkün deyil. Yuanın rolunun artması Çin hökumətinə dolların ölkəyə axınının və inflyasiya səviyyəsinin azaldılmasına yardım edəcək, həmçinin ölkə iqtisadiyyatının inkişafını stabilləşdirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR