Hesablama Palatası “İçərişəhər”də dövlət vəsaitlərinin istifadəsini araşdırıb

Hesablama Palatası “İçərişəhər”də dövlət vəsaitlərinin istifadəsini araşdırıb
# 10 yanvar 2011 12:02 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Hesablama Palatasının 2011-ci il yanvar ayının 7-də keçirilən növbəti Kollegiya iclasında müxtəlif sahələrə ayrılmış dövlət vəsaitlərinin, eləcə də digər mənbələrdən ayrılan vəsaitlərin xərclənməsi müzakirə edilib.

APA-Economics”in xəbərinə görə, iclasda Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə dövlət büdcəsindən ayrılan və büdcədənkənar mənbələrdən daxil olan vəsaitlərdən istifadəyə dair məsələlər müzakirə olunub.

Bundan başqa, kollegiyada Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Kənd investisiyaları“ layihəsi üzrə dövlət büdcəsi vəsaiti, Dünya Bankından cəlb edilmiş kredit vəsaitləri və qrant vəsaitlərinin istifadə vəziyyətinə baxılıb. Palatanın iclasında dövlət büdcəsinin yerli xərclərindən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirinin Proqramları müzakirə edilərək təsdiqlənib.

Palatanın yanvarın 5-də keçirilən Kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirinin proqramları müzakirə edilib. Bundan başqa, “İlk dəfə işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı”nın icrasına, habelə dövlət büdcəsinin “Mənzil-kommunal təsərrüfatı” bölməsindən Abşeron rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara və Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirinin Proqramları müzakirə edilərək təsdiqlənib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR