Bazel Komitəsi “köpüklər” əleyhinə yeni tədbirlər müəyyənləşdirib

Bazel Komitəsi “köpüklər” əleyhinə yeni tədbirlər müəyyənləşdirib
# 12 yanvar 2011 08:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bank nəzarəti üzrə Bazel Komitəsinin (BNBK) üzvləri harmonik və sabit beynəlxalq maliyyə sisteminin yaradılması ilə bağlı daha bir addım atıblar.

APA-Economics”in “The Financial Times”-ə istinadən xəbərinə görə, təşkilatın üzvləri aktivlərdə “köpüklər” yaranması təhlükəsi zamanı görüləcək tədbirlər mexanizmini razılaşdırıblar.

Bununla bağlı müqavilə Bazel razılaşmasının bütün 27 üzvü tərəfindən dekabrın sonunda imzalanıb. Müqaviləyə əsasən, əgər hansısa ölkə verilən kreditlər və ÜDM-in nisbətinə görə öz iqtisadiyyatının həddən artıq «qızdığını» elan etsə, öz maliyyə sisteminin sabitliyini təmin etmək və riskləri azaltmaq üçün ölkə banklarının kapitallarına dair tələbləri yüksəltməlidir. Eyni zamanda Bazel Komitəsinin bütün üzv dövlətlərində ehtiyat normaları sərtləşməlidir. Sərtləşmə dərəcəsi həmin ölkələrin problemli ölkədəki risklərdən zərər çəkməsi ehtimalından asılı olacaq. Bu müqavilə köpüyün yaranmasından narahat olan istənilən ölkəyə birinci səviyyəli bank kapitalına olan tələblərini 2,5% (ümumi minimumdan 7%-i qədər) artırmaq hüququ verir. Bu zaman əməliyyatlarının 20%-i problemli ölkənin ərazisində aparan xarici banklara qarşı kapitalın 0,5 faiz bəndi artırmaq tələbi qoyulacaq.

Komitənin bu qərarı, xüsusilə burda nəzərdə tutulan tədbirlərin sərtliyi ekspertlərin əksəriyyəti üçün sürpriz olub. Bəzi mütəxəssislər, o cümlədən İngiltərə Bankının sədr müavini Pol Taker, ümumiyyətlə, bu müqaviləni tarixi hadisə sayır: “İlk dəfədir ki, tənzimləyicilərin birliyi ayrı-ayrı bankları yox, bütün maliyyə sistemini qoruyur”.

Analitiklər müqavilənin digər maraqlı cəhəti kimi qəbul olunacaq qərarların məcburiliyini qeyd edirlər. Nəticədə, məsələn, Britaniya öz banklarının təhlükəsizliyi ilə bağlı tələbləri artırsa, ABŞ hökuməti də Britaniyada işləyən amerikan bankları üçün tələbləri artırmalı olacaq və s. Hərçənd dəqiq deyil ki, hansı ölkələr yeni alətlərin tətbiqinə cürət edə biləcək. Amma ekspertlərin əksəriyyəti əmindir ki, yeni qaydalar yalnız Bazel müqaviləsi tam gücü ilə qüvvəyə minindən sonra, yəni 2019-cu ildən tətbiq olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR