«Azərqarant» şirkəti ötən il sığorta daxilolmalarını 50% artırıb

«Azərqarant» şirkəti ötən il sığorta daxilolmalarını 50% artırıb
# 13 yanvar 2011 07:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərqarant» sığorta şirkətinin 2010-cu il ərzində topladığı sığorta haqlarının həcmi 892,751 min manat təşkil edib ki, bu da 2009-cu ilin yekun göstəriciləri ilə müqayisədə 49% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 7,2% artaraq 75,066 min manat təşkil edib.

Hesabat ilində toplanan sığorta haqlarının strukturunda «Fərdi qəza və xəstəlik sığortası» (358,019 min manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (232,315 min manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (146,160 min manat) və «Avtonəqliyyat vasitələrinin sığortası» (127,023 min manat) növləri üstünlük təşkil edib. Bu növlərin ümumi daxilolmalarda xüsusi çəkisi isə müvafiq olaraq 40%, 26%, 16,4% və 14,2% olub.

Ödənişlərə gəldikdə isə, daha çox vəsait «Fərdi qəza və xəstəlik sığortası» (39,585 min manat və ya 52,7%) və «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (22,113 min manat və ya 29%) növləri üzrə ödənilib.

Qeyd edək ki, hesabat operativ məlumatlar əsasında hazırlandığı üçün mənfəətin həcmi hələlik dəqiqləşdirilməyib.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «Azərqarant» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 3,260 mln. manat təşkil edib. Şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR