«Günay Sığorta» şirkəti ötən ili zərərlə başa vurub

«Günay Sığorta» şirkəti ötən ili zərərlə başa vurub
# 13 yanvar 2011 13:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Günay Sığorta» şirkətinin 2010-cu il ərzində topladığı sığorta haqlarının həcmi 647,134 min manat təşkil edib ki, bu da 2009-cu ilin yekun göstəriciləri ilə müqayisədə 58% azdır.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 8,3% azalaraq 166,189 min manat təşkil edib.

Sığorta haqlarında daha çox vəsait «Əmlakın yanğından sığortası» (288,585 min manat) və «Avtonəqliyyat vasitələrinin sığortası» (178,816 min manat) növləri üzrə toplanılıb. Bu növlərin məcmu daxilolmalarda payı müvafiq olaraq 60% və 28% təşkil edib.

Ödənişlərə gəldikdə isə, «Avtonəqliyyat vasitələrinin sığortası» (101,082 min manat və ya 61%) və «Əmlakın yanğından və digər risklərdən sığorta» (43,758 min manatla və ya 26,3%) növləri daha yüksək xüsusi çəkiyə malikdir.

Qeyd edək ki, şirkət ötən ili 44,415 min manat zərərlə başa vurub, halbuki 2009-cu ildə şirkət 12,740 min manat mənfəət əldə edib.

Xatırladaq ki, şirkət ötən il zərərlə işləməsi, həmçinin sığorta haqlarındakı kəskin azalma, 2010-cu il may ayının 7-dən avqust ayının 30-dək Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən şirkətin lisenziyasının qüvvəsinin dayandırılması ilə əlaqədar olub.

«Günay Sığorta» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkət əvvəllər xarici kapitallı yerli hüquqi şəxs formasında fəaliyyət göstərib. Belə ki, şirkətin nizamnamə kapitalının 51%-ni yerli, 49%-ni xarici kapital təşkil edib. Lakin nizamnamə kapitalında edilən dəyişiklikdən sonra şirkət 100% yerli kaptalı şirkətə çevrilib. Hazırda şirkətin səhmdarları sırasına «Günaybank» (34,62%) və iki fiziki şəxs (65,38%) daxildir. Şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR