Azərbaycan Beynəlxalq Bankı ötən il 200 mln. dollardan artıq dəyərdə bir neçə layihəyə dəstək verib

Azərbaycan Beynəlxalq Bankı ötən il 200 mln. dollardan artıq dəyərdə bir neçə layihəyə dəstək verib
# 14 yanvar 2011 14:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev –APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən 2010-cu il ərzində avroda maliyyələşdirilən layihələrin ümumi həcmi 180 mln., dollarda maliyyələşdirilmiş layihələrin həcmi isə 40 mln. dollar olub.

ABB-nin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, maliyyələşmənin əsas istiqamətləri neft-qaz, enerji və qeyri-neft sektoru, o cümlədən tikinti, nəqliyyat, telekommunikasiya, sənaye, ticarət, kənd təsərrüfatı və digər sahələr olub. «ABB bu tipli layihələrdə əsasən borcalan bank və ya zəmanətçi qismində çıxış etməklə ölkə iqtisadiyyatının inkişafı üçün önəmli olan iri həcmli layihələrin icrasının təmin olunmasına öz dəstəyini göstərib», - deyə bankdan bildirilib.

Alınmış mal, iş və xidmətlər, habelə avadanlıqların böyük əksəriyyəti ABŞ «Eximbank»ı, Kanada İxracın İnkişafı Agentliyi, Almaniyanın «Hermes», Fransanın «COFACE», Böyük Britaniyanın ECGD, eləcə də Niderland, Çexiya, Finlandiya və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı və Türkiyənin İxrac İdxal Bankının dəstəyi, habelə regional beynəlxalq bankların (İslam İnkişaf Korporasiyası və Qara Dəniz Ticarət və İnkişaf Bankı) ayırdığı kredit xətləri çərçivəsində orta və uzun müddətlərə (3-14 il) maliyyələşdirilib.

Belə ki, 2009-2010-cu illər ərzində Azərbaycanda metanol zavodunun tikintisi və onun lazımi avadanlıqlarla təchiz olunması, müvafiq dövlət proqramından irəli gələn alternativ külək enerjisi stansiyalarının alınması və quraşdırılması, telekommunikasiya sisteminin təkmilləşdirilməsi, ətraf mühitin neft tullantılardan təmizlənməsi və bu kimi layihələrin icrasına nail olunub.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir, qalan 40% xüsusi mülkiyyətdədir, 10% isə bankın əmək kollektivinə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR