Mərkəzi Bankın sədri: “Ölkə keyfiyyətcə yeni – müasir inkişaf mərhələsinə daxil olub”

Mərkəzi Bankın sədri: “Ölkə keyfiyyətcə yeni – müasir inkişaf mərhələsinə daxil olub”
# 14 yanvar 2011 20:41 (UTC +04:00)
Bakı-APA. Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında etdiyi çıxışda Mərkəzi Bankın sədri Elman Rüstəmov son 10 ilin iqtisadi göstəricilərini sadalayaraq bildirib ki, bu dövrdə real iqtisadi artım 4 dəfə olub, ixracın həcmi 15 dəfədən çox, dövlət büdcəsi 15 dəfəyə qədər, investisiya xərcləri 96 dəfə, strateji valyuta ehtiyatları isə 31 dəfə artıb. Maliyyə sektoru böyüyüb, bank aktivləri 15, əhalinin əmanətləri isə 36 dəfə çoxalıb. 2003-2010-cu illərdə Azərbaycanda iqtisadi artım tempi 17 faiz olmuş, bununla da ölkəmiz dünyada lider dövlətə çevrilib.

Azərbaycanda gedən inkişafın özünü bütün sahələrdə göstərdiyini bildirən Elman Rüstəmov deyib: “Bu inkişaf təkcə rəqəmlərlə xarakterizə olunmur. Ölkə keyfiyyətcə yeni – müasir inkişaf mərhələsinə daxil olub, onun müasir siması formalaşıb. Yüksək inkişaf özünü beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat və telekommunikasiya sisteminin formalaşmasında, modern sosial, təhsil, rabitə və səhiyyə infrastrukturunda, insanların həyat tərzində, müasir informasiya texnologiyalarına çıxış imkanlarında göstərir. Tam əminliklə demək olar ki, bugünkü Azərbaycan 10 il əvvəlki Azərbaycan deyil. Ola bilsin ki, biz burada yaşadığımıza görə bunu az hiss edirik, amma xarici qonaqlar, xaricdə yaşayan soydaşlarımız hər dəfə gələndə bunu heyrətlə qeyd edirlər.
Qeyd olunmalıdır ki, arxada qalmış onillik heç də sadə dövr olmayıb. O, təkcə “bum dövrü”, iqtisadi inkişaf dövrü kimi xarakterizə olunmur. Bu dövrün son 3 ili qlobal maliyyə böhranına təsadüf edir. Qlobal böhran dünyanın qabaqcıl ölkələrində yaranmış və qloballaşma şəraitində qısa müddət ərzində bütün dünyaya sirayət etmişdir. Bu, çox ağır nəticələr verib, dünya iqtisadiyyatı resessiyaya məruz qalıb, iri maliyyə institutları iflas edib. Hazırda iqtisadi artım bərpa olunsa da, böhran bəzi ölkələrdə olduqca dərin iz qoyub. Azərbaycan iqtisadiyyatı isə böhran illərində də öz dayanıqlılığını və inkişafın dinamikasını qoruyub. Belə ki, son üç ildə ölkədə real iqtisadi artım orta hesabla 8 faizdən çox olub, makroiqtisadi və maliyyə sabitliyi qorunub. 2008-2010-cu illərdə strateji valyuta ehtiyatlarımız 23 milyard ABŞ dolları artıb. Bank sektoru dayanıqlılığını qorumuş və inkişafını davam etdirib. Son üç ildə bank aktivlərinin orta illik artım tempi 25 faiz, əmanətlərin artım tempi 20 faizdən çox olub”.

E.Rüstəmovun sözlərinə görə, 2010-cu il isə Azərbaycan üçün qlobal böhranın təsirlərinin tam aradan qaldırılması ili kimi qiymətləndirmək olar: “Ölkədə iqtisadi artım davam edib. Qeyri-neft sektorunda artım qabaqlayıcıdır. Mövcud qlobal fonda və iqtisadiyyatın həcminin əhəmiyyətli artmasını nəzərə alsaq, bu artıma nail olunması yüksək qiymətləndirilməlidir. Ölkənin xarici mövqeyinin güclənməsi davam edib. 2010-cu ilin sonuna cari əməliyyatlar hesabının profisiti 15 milyard dolları ötəcək. Bunun nəticəsində valyuta ehtiyatlarımız qeyd olunduğu kimi 29 milyard ABŞ dollarını ötüb keçir. Hesab edirik ki, yanvarın sonunda biz 30 milyard dollarlıq mövqeyi ötüb keçmək potensialına malikik. Valyuta ehtiyatları ÜDM-ə nisbətdə 60 faizdən çoxdur və dünyanın ən çox valyuta ehtiyatına malik Çin iqtisadiyyatında bu göstərici Azərbaycandan aşağıdır. Bütövlükdə bizim toplam – özəl sektor və dövlət borcu da daxil olmaqla borcumuzu 9,5 milyard dollar həcmində 3 dəfədən çox üstələyir və bu, böhran kontekstində ölkənin makroiqtisadi dayanıqlılığının ən mühüm göstəricilərindən biridir. Mərkəzi Bank öz fəaliyyətini həm son 3 ildə və 2010-cu ildə bütövlükdə makroiqtisadi sabitliyin qorunmasına, manatın məzənnəsinin sabitliyinin, bank sistemində maliyyə sabitliyinin saxlanılmasına və iqtisadiyyatın pula olan tələbinin ödənilməsinə yönəltmiş və qarşıda qoyulan hədəflərə nail olmağa çalışıb. 2010-cu ildə inflyasiya təkrəqəmli səviyyədə saxlanılıb. Manatın sabitliyi əksər ölkələrdə devalvasiya fonunda qorunub saxlanılıb.
Dünya Bankı, Beynəlxalq Valyuta Fondu bir çox ölkələrə milli valyutalarının devalvasiya olunmasını tövsiyə etmişdilər. Böhranın son nəticələrinə görə aparılan təhlil göstərir ki, bunu etmiş ölkələr daha çox resessiyaya məruz qalıb, amma bunu etməmiş ölkələrdə, o cümlədən Azərbaycanda iqtisadi artım tempi bir neçə punkt daha yüksək olub. Ölkədə makroiqtisadi sabitliyi, o cümlədən milli valyutanın sabitliyini qoruyub saxlamağı böhranın əvvəlində strateji vəzifə kimi qarşıya qoymuşdunuz. Bu gün beynəlxalq təşkilatlar tərəfindən artıq etiraf olunur ki, bu, yaranmış şəraitdə yeganə düzgün qərar idi. Azərbaycan bank sistemi maliyyə dayanıqlılığını qoruyub saxlayır. Ötən ildə əhalinin əmanətləri 23 faiz, bütövlükdə bank aktivləri, kreditlər və məcmu kapital 8 faizdən çox artmışdır. Ölkədə ipoteka mexanizmi də genişlənir. 2010-cu ildə 2435 nəfərə, o cümlədən 473 nəfərə güzəştli şərtlərlə kredit verilib. Bu gün bu imkandan faydalanan ailələrin sayı 6200-ü ötüb”.

Mərkəzi Bankın sədri 2011-ci ildə həyata keçiriləcək tədbirlər və qarşıda duran vəzifələrdən də danışıb: “Bizim qarşımızda duran başlıca çağırış ölkə iqtisadiyyatında son on ildə əldə olunmuş artım tempini qoruyub saxlamaqdır. Ölkə inamla “Orta gəlirli ölkələr” sırasına daxil olub. Lakin “Orta gəlirli ölkələr” qrupunun daha yüksək şkalası var. Bu, adambaşına düşən milli məhsulun 17-18 min ABŞ dollarına çatdırılmasıdır. Bu gün bizdə bu səviyyə 10 min dollardır. Bunun üçün ölkə iqtisadiyyatının yaxın 10 ildə yenidən ikiqat artması deməkdir. Hesab edirik ki, bu çox real bir vəzifədir. Bunun üçün ölkə iqtisadiyyatının ildə təxminən 7-8 faiz artması təmin olunmalıdır. Bundan əvvəl əldə etdiyimiz nəticələr onu göstərir ki, bu, olduqca real bir vəzifədir. BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsində qeyd olunur ki, 1950-ci ildən sonra belə bir inkişafa 13 ölkə nail olub. Azərbaycanın tam imkanı vardır ki, 14-cü dövlət olsun və iqtisadiyyatın şaxələndirilməsinə nail olsun, bu kursu davam etdirsin”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR