ABŞ-ın dövlət borcu rekord həddə çatıb

ABŞ-ın dövlət borcu rekord həddə çatıb
# 17 yanvar 2011 07:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. ABŞ-ın dövlət borcu tarixi rekord həddinə çataraq 14 trln. dollar təşkil edib.

«APA-Economics»in «Associated Press» agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ-ın Maliyyə Nazirliyi yayıb.

Beləliklə, ABŞ-da adambaşına düşən dövlət borcu 45 min dollara çatıb. Hələ 2010-cu ilin iyun ayında ABŞ-ın Maliyyə Nazirliyi ölkənin dövlət borcunun 2010-cu ilin sonunda 13,6 trln. dollar, 2015-ci ildə isə 19,6 trln. dollar olacağını, bunun da ölkə ÜDM-nin 102%-ni təşkil edəcəyini proqnozlaşdırırdı.

ABŞ-da lazımi tədbirlər görülməsə, dövlət borcunun bir qədər də artacağını və ölkə iqtisadiyyatının böhrana uğrayacağını istisna etmirlər. Hələ 2010-cu ilin fevral ayında ABŞ prezidenti Barak Obama dövlət borcunun limitini 14,3 trln. dollar səviyyəsində təsdiqləyib. Halbuki bundan öncə limit 12,4 trln. dollar idi.

Göründüyü kimi, ABŞ-ın hazırkı dövlət borcu artıq limitə yaxınlaşmaqdadır. Məhz buna görə, ölkənin maliyyə naziri Timoti Qaytner ABŞ Konqresini dövlət borcu limitinin səviyyəsini bir qədər artırmağa çağırıb. Onun sözlərinə görə, dövlət borcu artıq 2011-ci ilin mart-may aylarında təsdiqlənmiş limitə çata bilər.

Qeyd edək ki, ABŞ-ın dövlət borcu yaxın keçmişdəki maliyyə böhranı, Uolt-stritdə uçqunun qarşısının alınması üçün ayrılmış vəsait, Əfqanıstan və İraqdakı müharibələr və ölkə iqtisadiyyatının stimullaşdırılması ucbatından artır. ABŞ-ın ümumi dövlət borcuna müxtəlif dövlət proqramları və təqaüdçülərin sosial sığortası daxildir.

ABŞ-ın xarici dövlət borcunun, o cümlədən Çinə olan borcunun 2010-cu ildəki 7,5 trln. dollardan 2011-ci ildə 9,1 trln. dollaradək artacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR