Azərbaycan fond bazarına ilk dəfə təmin edilmiş ipoteka istiqrazları çıxarılıb

Azərbaycan fond bazarına ilk dəfə təmin edilmiş ipoteka istiqrazları çıxarılıb
# 17 yanvar 2011 13:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçirilib.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, hərraca 10 mln. manat həcmində istiqraz çıxarılıb. Hərracda sifarişlər 4 investor tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 24,085 mln. manat təşkil edib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 mln. manat məbləğində müəyyən edilib. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2019-cu ilin dekabrın 11-də icra olunacaq.

Qeyd edək ki, bu, AİF-in istiqrazlarının üçüncü emissiyasının yerləşdirilməsi üzrə ilk hərracdır.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının emissiya prospekti ötən ilin noyabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 60 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir.

Xatırladaq ki, bundan öncə AİF ümumi həcmi 55 mln. manat (2009-cu il) və 75 mln. manat (2010-cu il) faizli adlı sənədsiz təmin edilməmiş məbləğində ipoteka istiqrazları buraxıb. Sözügedən hər iki emissiya uğurla yerləşdirilib. Göründüyü kimi, yeni – 3-cü istiqraz emissiyasının buraxılışı təmin edilmiş olub, bu da ölkənin fond bazarına yeni alətin çıxması deməkdir. Hazırda Azərbaycan qiymətli kağızlar bazarında Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları, İpoteka Fondunun istiqrazları, korporativ istiqrazlar, veksellər, səhmlər və bu kimi digər alətlər mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR