Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən il 72% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən il 72% artıb
# 21 yanvar 2011 07:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın rezident və qeyri-rezidentləri tərəfindən 147 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 27 924 132,5 min ABŞ dolları təşkil edib.

Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) «APA-Economics»ə verilən məlumata görə, bu müddət ərzində 21 324 777,7 min dollar dəyərində 2 186 adda mal ixrac, 65 99 354,7 min dollar dəyərində 6 057 adda mal isə idxal olunub. Nəticədə ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 14 725 423,0 min dollar təşkil edib.

Ötən il xarici ticarət dövriyyəsinin həcmi 2009-cu illə müqayisədə 34,1%, ixrac 45,1%, idxal 7,8%, müsbət saldo isə 71,7% artıb.

Hesabat ilində həmçinin ölkəyə 32 762,5 min dollar dəyərində 3 250,2 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olub.

Müvəqqəti ixrac rejimində Azərbaycandan 332 598,5 min dollar dəyərində mal ixrac edilib, 509 133,4 min dollar dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilib.

Ötən il ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 45 644,5 min ton yük daşınıb. Bu da əvvəlki ilə nisbətən 10,29% çoxdur. Bundan 37 713,5 min ton ixrac, 7 931,0 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (319,1 min ton), dəmir yolu (3 551,1 min ton), avtomobil (554 min ton), hava (195,5 min ton) və stasionar nəqletmə (boru kəməri – 33 084,3 min ton) nəqliyyat vasitələrindən istifadə olunub. İdxal əməliyyatlarında isə dəniz (933,5 min ton), dəmir yolu (5 339,4 min ton), avtomobil (1 608,4 min ton), hava (22,7 min ton) nəqliyyat vasitələrinə üstünlük verilib.

Qeyd edək ki, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri (YGB) əsasında aparılıb. Göstərilən müddət ərzində gömrük orqanlarında 224 149 ədəd YGB rəsmiləşdirilib. Bunlardan 40 542 ədəd ixrac, 183 607 ədəd idxal YGB-dir. Ötən il YGB-lərin ümumi sayı 2009-cu ilə nisbətən 8,55% və ya 17 663 ədəd bəyannamə artıb. O cümlədən, ixracda artım 5 657 (16,22%) ədəd, idxalda isə 12 006 (7,00%) ədəd YGB olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR