Azərbaycan ötən il xarici ticarət dövriyyəsinin müsbət saldosunu 72% artırıb

Azərbaycan ötən il xarici ticarət dövriyyəsinin müsbət saldosunu 72% artırıb
# 25 yanvar 2011 13:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 147 ölkəsindəki tərəfdaşları ilə 27,8 mlrd. ABŞ dolları həcmində ticarət əməliyyatları aparıb.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycandan ixrac olunan malların həcmi 21,3 mlrd. dollar, idxalın həcmi isə 6,6 mlrd. dollar təşkil edib. İxracın idxalı 3,2 dəfə üstələməsi nəticəsində 14,7 mlrd. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

Nəticədə, 2010-cu ildə əvvəlki illə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 34,1%, o cümlədən ixrac 45,1%, idxal 7,8%, müsbət saldo isə 71,7% artıb.

Nazirlikdən həmçinin bildirilib ki, 2010-cu ildə Azərbaycan 2 186 adda mal ixrac edib, bu da əvvəlki illə müqayisədə 5,6% çoxdur: «Hesabat ilində həmçinin, Azərbaycanın qeyri-neft ixracı 17,8% artıb. Ümumiyyətlə, əsas ixrac malları sırasına xam neft, neft məhsulları, təbii qaz, qara metal və məmulatları, şəkər, yağ, meyvə-tərəvəz və s., Azərbaycana idxal olunan malların sırasına isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, nəqliyyat vasitələri və onların hissələri, yeyinti məhsulları və s. daxildir».

Qeyd edək ki, 2010-cu ildə Azərbaycan idxal-ixrac əməliyyatlarını əsasən İtaliya, Fransa, İsrail, ABŞ, Ukrayna, Rusiya, Türkiyə, Almaniya, Çin və digər ölkələrlə aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR