Azərbaycanın məzənnə siyasətində bivalyuta səbəti sistemindən imtina etməsi dolların məzənnəsini sabitləşdirib

Azərbaycanın məzənnə siyasətində bivalyuta səbəti sistemindən imtina etməsi dolların məzənnəsini sabitləşdirib
# 25 yanvar 2011 14:02 (UTC +04:00)
«APA-Economics»in xəbər verdiyi kimi, 2011-ci il yanvar ayının 10-dan etibarən Mərkəzi Bankın İdarə Heyəti məzənnə siyasətinin tətbiqi mexanizminin təkmilləşdirilməsi çərçivəsində dollar/manat ikitərəfli məzənnəsinin hədəflənməsinə keçidlə bağlı qərar qəbul edib.

Xatırladaq ki, 2008-ci ilin mart ayından 2011-ci ilin yanvarın 10-dək Mərkəzi Bank məzənnə siyasətini avro və dolların daxil olduğu bivalyuta səbətinin dəyərinin hədəflənməsi vasitəsilə həyata keçirib. Ötən müddət ərzində bu mexanizm qlobal valyuta bazarındakı prosesləri yerli məzənnələrə sirayət etdirməklə manatın çoxtərəfli məzənnəsinə nəzarət imkanlarını artırıb. Lakin son vaxtlar aparıcı valyutaların məzənnələrindəki dəyişkənliyin daha da kəskinləşməsi, inkişaf etməkdə olan ölkələr tərəfindən milli valyutaların devalvasiyası və maliyyə sabitliyi hədəfin prioritetliyi ilə səciyyələnən yeni şərait məzənnə siyasətinin taktikasına dəyişiklik etmək zərurəti yaradıb.

Belə ki, sözügüdən müddət ərzində manatın iki əsas xarici valyutaya qarşı məzənnəsinin müəyyənləşdirilməsinə onların səbətdə olması da təsir edib. Səbət prinsipindən imtina dolların manata qarşı məzənnəsinin birbaşa və demək olar ki, sərbəst və şərtsiz müəyyən edilməsinə imkan verib. Yanvarın 10-dan bu günə kimi dolların manata qarşı məzənnəsi 0,7976 manatdan 0,7974 manatadək və ya 0,025% dəyişib ki, bu da tam sabitlik kimi qiymətləndirilə bilər. Eyni zamanda, avronun manata qarşı məzənnəsi həmin müddət ərzində 1,0294 manatdan 1,0891 manatadək və ya 5,8% yüksəlib. Beləliklə, bu müddət ərzində avronun dollara bahalaşmasının «yükü» tam həcmdə avronun manata qarşı bahalaşmasına «keçirilib», halbuki əvvəllər, yəni bivalyuta səbəti prinsipi üzrə bu, mümkün olmazdı və dollar da müəyyən dərəcədə ucuzlaşmalı idi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR