Bakıda kapital bazarlarını tənzimləyən yeni normativ aktların qəbuluna həsr edilmiş toplantı keçirilib

Bakıda kapital bazarlarını tənzimləyən yeni normativ aktların qəbuluna həsr edilmiş toplantı keçirilib
# 25 yanvar 2011 15:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Milli Depozit Mərkəzi (MDM), Bakı Fond Birjasının (BFB) əməkdaşları və qiymətli kağızlar bazarının digər peşəkar iştirakçılarının nümayəndələrinin iştirakı ilə fond bazarının tənzimlənməsinə yönələn normativ bazanın təkmilləşdirilməsi sahəsində görülən son yeniliklərə həsr edilmiş toplantı keçirilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, tədbir çərçivəsində Komitə tərəfindən «Depozitar fəaliyyətin həyata keçirilməsi Standartları», «Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi Qaydaları» və «Qiymətli kağızlarla girovun dövlət qeydiyyatı Qaydaları» təqdim edilib.

«Qiymətli kağızlarla girovun dövlət qeydiyyatı Qaydaları» qiymətli kağızlarla girovun qeydiyyatının vahid pəncərə prinsipi əsasında aparılmasını təmin edəcək. Belə ki, Qaydalara əsasən, QKDK ilə girov qoyulan qiymətli kağızların saxlandığı depozitar arasında məlumat mübadiləsinin təmin edilməsi nəticəsində girovun dövlət qeydiyyatını yalnız QKDK-ya müraciət etməklə həyata keçirmək olacaq.

Digər tərəfdən, «Depozitar fəaliyyətin həyata keçirilməsi Standartları» və «Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi Qaydaları» qiymətli kağızlar bazarında fəaliyyət göstərən broker (diler), BFB və MDM arasında yaradılan məlumat mübadiləsinin təkmilləşdirilməsi, həmçinin, məlumat dövriyyəsinin elektronlaşdırılması sisteminin fəaliyyətini şərtləndirən üstünlükləri özündə əks etdirir. Belə ki, yaradılmış elektron sistemi mütəşəkkil fond bazarında əqdlərin icra sürətinin dəfələrlə artmasına və beləliklə də, əməliyyatların daha çevik və effektiv aparılmasına təkan vermiş olacaq.

Qeyd edək ki, yenilik inkişaf etmiş ölkələrin fond bazarlarında geniş istifadə edilən gündaxili ticarət təcrübəsinin Azərbaycan qiymətli kağızlar bazarında tətbiqinə imkan yaratmış olacaq. Belə ki, vahid elektron pəncərə sisteminin üstünlüklərindən yararlanaraq, broker və dilerlər gün ərzində bir qiymətli kağız ilə bir neçə alış-satış əməliyyatı apara biləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR