«Azərpoçt» öz plastik kartlarını buraxıb

«Azərpoçt» öz plastik kartlarını buraxıb
# 26 yanvar 2011 08:16 (UTC +04:00)
Bir qədər əvvəl maliyyə xidmətləri göstərməyə başlamış «Azərpoçt» MMC özünün plastik kartlarını buraxıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt müşaviri Novruz Məmmədov «APA-Economics»ə açıqlamasında bildirib ki, «Azərpoçt»un «MilliKart» prosessinq mərkəzi ilə bağlıdığı müqavilə əsasında artıq 2 min plastik kart dövriyyəyə buraxılıb. Hələlik bu kartlar poçt işçilərinə əmək haqqının verilməsi üçün nəzərdə tutulub. Gələcəkdə isə kartların sayının və çeşidinin artırılması planlaşdırılır. N.Məmmədov bildirib ki, «Azərpoçt» həm yerli, həm də «Visa International» sistemi üzrə kartlar buraxacaq: «Hazırda bununla bağlı «Visa» sistemi ilə aktiv danışıqlar, yazışmalar gedir. «Azərpoçt»un «Visa»nın üzvü olması 3-5 aya həll oluna bilər. Bu baş versə, gələcəkdə poçt operatoru «Visa» kartları da buraxacaq».

Müşavirin sözlərinə görə, «Azərpoçt»un kartları üçün potensial müştəri təbəqəsi kimi pensiya, müavinət və regionlarda əmək haqqı alanlar nəzərdə tutulub: «Məlum olduğu kimi indi bu ödənişlər Beynəlxalq Bank və «Kapital Bank»ın kartları vasitəsilə aparılır. Amma bu da həqiqətdir ki, bankların kənd yaşayış məntəqələrində bankomatları və POS-terminalları yoxdur». Bu sahədə geniş xidmətlərin göstərilməsinə 2012-ci ildən başlamağı planlaşdıran «Azərpoçt» bu məqsədlə 2011-ci il ərzində özünün bankomat və POS-terminal şəbəkəsini yaratmaq niyyətindədir: «Bu işlər nəticəsində artıq ilin sonunda bütün ölkə ərazisini əhatə etmək mümkün olacaq. Bankomatlar bahalı qurğular olduğuna görə, biz əsas üstünlüyü POS-terminallara vermək niyyətindəyik».

Gələn il isə «Azərpoçt» pensiya və əmək haqlarının verilməsində iştirak etmək məqsədilə müvafiq qurumlara müraciət etmək niyyətindədir: «Beynəlxalq Bank və «Kapital Bank» qarşısında məsələ qaldıra bilərik ki, onların müştərilərinə məhz «Azərpoçt»un bank sistemi vasitəsilə xidmət göstərmək lazımdır». N.Məmmədov hesab edir ki, bu məsələyə baxılanda poçtun filial və şöbələrinin şəbəkəsinin genişliyi nəzərə alınacaq: «Hazırda regionda yaşayıb pensiya və əmək haqqını kartlarla alanlar pullarını almaq üçün rayon mərkəzinə gəlməli olur, yəni pulunu istədiyi vaxt, istədiyi yerdə ala bilmir. Poçt sistemi isə bu imkanları dəfələrlə yaxşılaşdıracaq».

Xatırladaq ki, Azərbaycanın poçt operatoru olan «Azərpoçt»un Bakıda və ölkənin regionlarında 1200-dən artıq filial və şöbəsi var. Ötən ilin sonunda «Azərpoçt» MMC maliyyə xidmətləri göstərməyə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR