«Qarant Sığorta» şirkəti ilk dəfə maliyyə ilini mənfəətlə yekunlaşdırıb

«Qarant Sığorta» şirkəti ilk dəfə maliyyə ilini mənfəətlə yekunlaşdırıb
# 27 yanvar 2011 11:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkətinin 2010-cu ildə topladığı sığorta haqlarının həcmi 7 mln. manatdan artıq olub ki, bu da 2009-cu ilin yekunları ilə müqayisədə 68,8% çoxdur. «APA-Economics»in məlumatına görə, bunu «Qarant Sığorta» şirkəti İdarə Heyətinin sədri Vaqif Həsənov bu gün keçirilən mətbuat konfransında bildirib.

V.Həsənovun sözlərinə görə, hesabat ilində çox sığorta haqqı (3 mln. manat) «Avtonəqliyyat vasitələrinin sığortası» növü üzrə toplanılıb ki, bu növün də məcmu sığorta daxilolmalarında xüsusi çəkisi 43% təşkil edib. Həmçinin, 2010-cu ildə «Yüklərin sığortası», «Könüllü tibbi sığorta», «Səfər sığortası», «Sərnişinlərin icbari sığortası», «Əmlak sığortası» növləri üzrə də əhəmiyyətli həcmdə sığorta haqqı yığılıb.

V.Həsənov bildirib ki, ötən il ərzində fərdi satış sahəsindən 1,3 mln. manatlıq sığorta haqqı toplanılıb, bu isə məcmu daxilolmaların təxminən 19%-ni təşkil edir: «Qalan daxilolmalar isə korporativ müştərilərin payına düşüb. Fərdi satış sahəsindən əldə olunan yığımların 70%-i «Avtonəqliyyat vasitələrinin sığortası» növündən toplanılıb. Sığorta hadisələri üzrə 2,4 mln. manatlıq ödənişin təxminən 2 mln. manatı fərdi satışın payına düşüb. Burada əsas məbləğ yenə də «Avtonəqliyyat vasitələrinin sığortası» növü üzrə ödənilib».

Şirkət rəhbəri qeyd edib, hesabat ilində «Qarant Sığorta»ın risklər üzrə ödənişlərinin ümumi həcmi 9,6 dəfə artaraq 2,4 mln. manata çatıb: «Sığorta ödənişləri sırasında da «Avtonəqliyyat vasitələrinin sığortası» növü liderlik edir».

Qeyd edək ki, fəaliyyət göstərdiyi üç il ərzində şirkət ilk dəfə olaraq maliyyə ilini mənfəətlə yekunlaşdırıb. Belə ki, 2010-cu il ərzində şirkət 320 min manat məbləğində mənfəət əldə edib.

Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin əvvəlinə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR