«Royal Bank» nağdsız ödənişlərin inkişafı mövzusunda bank işçiləri üçün seminar keçirib

«Royal Bank» nağdsız ödənişlərin inkişafı mövzusunda bank işçiləri üçün seminar keçirib
# 02 mart 2011 11:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün «Royal Bank» ASC «Visa İnternational» beynəlxalq ödəniş sistemi ilə birgə bank işçiləri üçün «Azərbaycanda ekvayrinq biznesinin inkişafı» mövzusunda seminar keçirib.

«APA-Economics»in məlumatına görə, «Royal Bank»ın plastik kart texnologiyaları şöbəsinin müdiri Nadir Şükürov bildirib ki, seminarın keçirilməsində əsas məqsəd Azərbaycanda nağdsız ödənişləri stimullaşdırmaqdır: «Nağdsız ödənişləri genişləndirmək və bu sahəni daha inkişaf etdirmək məqsədilə əhali üçün maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Azərbaycan bankları bu sahənin inkişafında yaxından iştirak etməlidir».

N.Şükürov bildirib ki, hazırda Azərbaycanda plastik kartlardan xidmət şəbəkələrində istifadə edənlərin sayı olduqca azdır: «Plastik kartla əmək haqqı alan əhali vəsaiti dərhal nağdlaşdırmağa meyllidir. Bunun başlıca səbəbi xidmət şəbəkələrində POS-terminallardan istifadə üzrə təsir mexanizminin olmaması ilə bağlıdır. Bu baxımdan, bu tədbiri təşkil etməklə bütün banklara nağdsız ödənişlərlə bağlı maarifləndirmə proqramlarının hazırlamalarını və bunun üçün digər tədbirlərin həyata keçirmələrini tövsiyə edirik».

Qeyd edək ki, seminarda «Visa İnternational» şirkətinin MDB və Yaxın Şərq üzrə məsləhətçisi İqor Noçka plastik kart sisteminin inkişafı, nağdsız ödənişlərin həyata keçirilməsi yolları və digər mövzularda çıxış edib.

Təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR