Azərbaycanda əmanətlər üzrə real faiz dərəcəsinin azalması davam edir

Azərbaycanda əmanətlər üzrə real faiz dərəcəsinin azalması davam edir
# 07 mart 2011 12:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemində fiziki şəxslərin manat əmanətləri üzrə orta faiz dərəcələrinin səviyyəsi 2011-ci ilin fevralın 1-nə illik 11,83% təşkil edib. «APA-Economics»in Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, manat əmanətləri üzrə real orta faiz dərəcəsi illik 3,53%-ə bərabər olub. Qeyd edək ki, real faiz dərəcəsi illik inflyasiya səviyyəsini də nəzərə alır ki, bu göstərici 2011-ci ilin yanvar ayının yekununda 8,3% təşkil edib.

Qeyd edək ki, 2010-cu ilin yekunlarına görə, əmanətlər üzrə elan olunmuş orta faiz dərəcəsi 11,79% təşkil edib, 5,7%-lik illik inflyasiya nəzərə alınmaqla real faiz dərəcəsi isə 6,09%-ə bərabər olub. Eyni zamanda, 2009-cu ilin yekunlarına görə əmanətlər üzrə orta faiz dərəcəsi 12,98%, 2009-cu ildəki inflyasiya 1,5%-ə, real faiz dərəcəsi isə 11,48% təşkil edib. Beləliklə, manat əmanətləri üzrə real orta faiz dərəcəsinin tədricən azalması müşahidə olunur.

Ümumilikdə, pulların alıcılıq qabiliyyəti baxımından inflyasiyanın səviyyəsi əmanətləri ucuzlaşdırır. Belə ki, əhalinin əmanətlər üzrə faktiki gəliri inflyasiyaya bərabər həcmdə azalır. Göründüyü kimi, əmanətlər üzrə real faiz gəlirləri tədricən sıfıra yaxınlaşır. Yəni, inflyasiyanın səviyyəsi tədricən əmanətlər üzrə elan olunmuş faiz dərəcələrinin səviyyəsinə yaxınlaşır ki, belə olan halda əmanətlər üzrə faiz gəliri yalnız qiymət bahalaşmasını ödəyə bilir. Bu baxımdan artan inflyasiya şəraitində banklar tərəfindən əmanətlər üzrə heç bir indeksləşdirmənin aparılmaması ilk növbədə əmanətçilərə zərbə vurur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR