«Moody’s» agentliyi daha bir Azərbaycan bankının reytinqlərini təsdiqləyib

«Moody’s» agentliyi daha bir Azərbaycan bankının reytinqlərini təsdiqləyib
# 14 mart 2011 08:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Bank Respublika» ASC-nin maliyyə dayanıqlığı reytinqini «E+», milli və xarici valyutada uzunmüddətli və qısamüddətli depozitlər üzrə reytinqləri isə «B2» səviyyəsində təsdiqləyib. «APA-Economics»in məlumatına görə, reytinqlər üzrə proqnozlar «sabit» kimi qiymətləndirilib.

«Moody’s» agentliyin məlumatında deyilir ki, 2010-cu ildə Bank 2,2 mln. manat zərərlə üzləşib və bu, kreditlər üzrə itkilərlə və kredit portfelinin azalması ilə bağlıdır. Eyni zamanda, Bank əsaslı xərcləri artırmaq məcburiyyətində olub.

Ötən il Bankın risk və itkilərinin artdığını etiraf edən Agentlik eyni zamanda bildirir ki, «Bank Respublika» mümkün kredit itkilərini artıq ödəyib və 2011-ci ildə itkilərin gəlirliyə mənfi təsir etməyəcəyində əmindir. Bundan başqa, Bankın gəlirliyi kredit portfelinin gözlənilən artımı, yüksək gəlirlikli aktivlərin xüsusi çəkisinin artması ilə təmin olunacaq.

Agentliyin hesablamalarına görə, «Bank Respublika»nın kapitallaşması hazırda adekvat səviyyədədir və onun birinci dərəcəli kapitalının adekvatlıq əmsalı 15%, məcmu kapitalı üzrə isə 23% təşkil edir. Bankın kapital ehtiyatları onun kreditlər üzrə mümkün olan itkiləri ödəməyə imkan verir.

Hesabata əsasən, Bankın reytinqlərinin artırılmasının mümkünlüyü orta müddətdə məhduddur. Eyni zamanda, reytinqlərin yüksəlməsinə Bankın əsas maliyyə göstəricilərinin yaxşılaşması, azaldılmasına isə likvidliyin azalması və aktivlərin keyfiyyəti üzrə nəzarətin zəifləməsi təsir göstərə bilər.

Qeyd edək ki, «Moody’s» agentliyi tərəfindən «Bank Respublika»ya bundan öncə son reytinqlər 2008-ci ilin noyabrın 19-da verilib və həmin vaxt reytinqlər üzrə proqnoz «pozitiv»dən «sabit»ə dəyişdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR