Azərbaycan Auditorlar Palatası audit fəaliyyətində ciddi korrupsiya halları aşkarlayıb

Azərbaycan Auditorlar Palatası audit fəaliyyətində ciddi korrupsiya halları aşkarlayıb
# 31 mart 2011 09:44 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, seminarda palata rəhbərliyi bəzi auditorlara, xüsusən bələdiyyələrdə yoxlama aparanlara qarşı ciddi ittihamlarla çıxış edib.

Palatanın Auditin təşkili, tənzimlənməsi və şəffaflığın təminatı idarəsinin rəisi Maarif Abbasov “Bələdiyyələrdə auditin keyfiyyəti” mövzusunda çıxış edərək, bu sahədə ciddi nöqsanlar olduğunu bildirib: “Müşahidələr göstərir ki, bələdiyyələrdə auditi yalnız müəyyən qrup auditorlar aparır. Bəzi auditorlar işlərinə məsuliyyətsiz yanaşırlar. Audit hesabatları keyfiyyətsiz hazırlanır, rəqəmlər fərqlənir, aktlar uyğun gəlmir”.

M.Abbasovun sözlərinə görə, əsas pozuntulardan biri odur ki, bir auditor bələdiyyənin hansısa dövrdəki fəaliyyətini yoxlamaq üçün müqavilə bağlayır, audit qurtarandan sonra başqa bir auditor da onu yenidən, həmin dövr üçün yoxlayır və fərqli nəticə çıxarır: “Başqa sözlə, bələdiyyəni ikinci auditə məcbur edirlər. Söhbət palatanın şərəf və ləyaqətindən gedir”.

Auditorlar Palatasının idarə rəisi qeyd edib ki, bir neçə il əvvəl audit yoxlamasının nəticəsi olaraq Xətai bələdiyyəsinin fəaliyyəti ilə bağlı cinayət işi də qaldırılıb: “Hətta MTN və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən də bu sahədə baş verən pozuntular barədə müraciətlər daxil olur. Bu hal palatanı ciddi narahat edir”.

M.Abbasov auditorları peşə etikası qaydalarına riayət etməyə çağırıb: “Bəzən müqavilə bağlanır, ödəniş edilir, amma audit, ümumiyyətlə, aparılmır. Bu qurtarmamış digər bələdiyyə ilə də müqavilə bağlanır və o da icra olunmur. Hətta indi zalda olanlar arasında da belələri var. Palata rəhbərliyi bununla bağlı ciddi tədbir görmək və onlarda yaxa qurtarmaq fikrindədir. Bunun üçün lazım olan bütün addımlar atılacaq”.

Tədbirdə bəzi auditorlar konkret adların çəkilməsini təklif edərək, bu cür şəraitin yaranmasının səbəbləri ilə maraqlanıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR