Dünya Bankı Azərbaycanda kapital bazarının modernləşdirilməsi layihəsi üçün 12 mln. dollar ayıracaq

Dünya Bankı Azərbaycanda kapital bazarının modernləşdirilməsi layihəsi üçün 12 mln. dollar ayıracaq
# 04 aprel 2011 08:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyun-iyul ayları ərzində Dünya Bankı (DB) Azərbaycanda həyata keçiriləcək kapital bazarının modernləşdirilməsi layihəsinin icrası üçün 12 mln. ABŞ dolları məbləğində kredit ayıracaq. «APA-Economics»in məlumatına görə, bunu DB-nın Azərbaycan üzrə meneceri Cozef Ouen (Joseph Owen) bildirib.

Onun sözlərinə görə, hazırda layihənin rəsmi prosedurları həyata keçirilir ki, layihə bir qədər də effektiv olsun və bu işlər bir neçə ay davam edəcək: «İyun-iyul ayları ərzində layihənin icrası üçün DB tərəfindən vəsaitin ayrılması gözlənilir».

Qeyd edək ki, aprelin 17-də sözügedən layihə DB-nın Direktorlar Şurasında müzakirəyə çıxarılacaq. Layihənin icrasına İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən daha 3 mln. dollar ayrılacaq. Kapital bazarının modernləşdirilməsi layihəsi 2010-cu ildə müxtəlif beynəlxalq donor təşkilatlarının maliyyələşdirdiyi və DB tərəfindən idarə edilən «FIRST Initiative» proqramı tərəfindən Azərbaycanda kapital bazarının inkişafı strategiyasının bir hissəsidir. Layihə çərçivəsində 2011-2015-ci illər üçün Azərbaycanda kapital bazarının inkişafı strategiyası və onun icrasına dair ortamüddətli tədbirlər planı hazırlanacaq.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. Bu müddət ərzində bank tərəfindən Azərbaycana 51 layihənin icrasına 2 844,3 mln. dollar həcmində kredit ayrılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR