Azərbaycanda martda 10,2 mln. manat ipoteka krediti verilib

Azərbaycanda martda 10,2 mln. manat ipoteka krediti verilib
# 05 aprel 2011 14:55 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin fevral ayında Azərbaycanda əhaliyə 10,2 mln. manat həcmində ipoteka krediti verilib. Bu barədə «APA-Economics»ə Azərbaycan İpoteka Fondundan (AİF) məlumat verilib. Bu, fondun fevralda verdiyi kreditlərdən 85% artıqdır. Ümumilikdə, 2011-ci ilin ilk üç ayında 17,2 mln. manatlıq ipoteka kreditləri verilib.

Bununla ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin həcmi 267,1 mln. manata çatıb. Nəticədə, aprelin 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 29,3 manata çatıb. Müqayisə üçün bildirək ki, ilin əvvəlində bu rəqəm 27,2 manat, martın 1-də 28,2 manat olub.

Martda AİF tərəfindən 4,3 mln. manatlıq kredit yenidən maliyyələşdirilib. İlin əvvəlindən indiyədək 15,2 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Ümumilikdə, indiyədək verilən ipoteka kreditlərinin 191,2 mln. manatı və ya 71,58%-i təkrar maliyyələşdirilib. Bu ilin əvvəlindən dövlət büdcəsindən AİF-ə 2,6 mln. manat məbləğində vəsait ayrılıb.

Yanvar-mart aylarında İpoteka Fondu 19 mln. manatlıq istiqraz buraxıb. Ümumilikdə, bu il fondun 60 mln. manatlıq istiqraz buraxması nəzərdə tutulub. İpoteka məqsədləri üçün dövlət tərəfindən ayrılan vəsaitlərin həcmi isə 14 mln. manat olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR