«Azərsığorta» son bir ildə sığorta ödənişlərini 9% artırıb

«Azərsığorta» son bir ildə sığorta ödənişlərini 9% artırıb
# 07 aprel 2011 11:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətinin 2011-ci il yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 5,209 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,2% azdır.

Şirkətin Plan İdarəsinin rəisi Asif İsmayılovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə toplanan sığorta haqlarının strukturunda 412,705 min manat «Müəssisə və təşkilatların əmlakının sığortası», 338,752 min manat «Fərdi qəza və xəstəliklər sığortası», 251,174 min manat «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» və 101 min manat «Avtomobillərin kasko sığortası» növlərinin payına düşüb. Bu növlərin məcmu daxilolmalarda payı müvafiq olaraq 7,9%, 6,5%, 4,8% və 1,9% təşkil edib.

Daxilolmaların tərkibində «Hərbi qulluqçuların icbari sığortası» növü üzrə rəqəm açıqlanmasa da, ən çox sığorta haqqı bu sığorta növünün payına düşüb.

Ödənişlərə gəldikdə isə bu müddət ərzində sığorta hadisələri üzrə ödənilən vəsaitlərin həcmi 8,5% artaraq 2,255 mln. manat olub. Sığorta ödənişlərində ən çox vəsait «Avtomobillərin kasko sığortası» (98,755 min manat və ya 4,4%), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (34,622 min manat və ya 1,53%), «Fərdi qəza və xəstəliklər sığortası» (23,911 min manat və ya 1,06%) və «Müəssisə və təşkilatların əmlakının sığortası» (8,480 min manat və ya 0,38%) növləri üzrə ödənilib.

Qeyd edək ki, hesabat operativ məlumatlar əsasında hazırlanıb.

Xatırladaq ki, «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti 1991-ci ildən fəaliyyət göstərir. Hazırda şirkət 10 icbari və 20 könüllü sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR