Azərbaycan nümayəndəsi MONEYVAL-ın Latviya üzrə qiymətləndirici missiyasına daxil edilib

Azərbaycan nümayəndəsi MONEYVAL-ın Latviya üzrə qiymətləndirici missiyasına daxil edilib
# 15 aprel 2011 14:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Strasburqda (Fransa) Avropa Şurası Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) növbəti, 35-ci plenar iclası keçirilib.

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, iclasda QKDK-nın sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Plenar iclasın gündəliyinə Komitənin 2011-ci il üzrə Fəaliyyət Planının təsdiqlənməsi, üzv ölkələr tərəfindən pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) sahəsində həyata keçirilmiş təşəbbüslərə dair məlumatların verilməsi, Çexiya və Albaniyada aparılmış qiymətləndirmənin yekunlarına dair hesabatlar, Bolqarıstan, Moldova, Xorvatiya və Bosniya və Hersoqovinada müvafiq sahədə görülmüş tədbirlərə dair tərəqqi hesabatlarının müzakirəsi və s. məsələlər daxil edilib. İclasın gedişində, həmçinin, MONEYVAL-ın gücləndirilmiş monitorinq rejimi altında olan üç dövlətin PY/TMM sahəsində aşkar edilmiş boşluqlarının aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirlərin icra statusu da müzakirə olunub.

«Ötən il Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq Komitənin qərarı ilə Moldova üzrə məruzəçi ölkə təyin edilib. Bu əsasda, Moldovanın tərəqqi hesabatı Azərbaycan nümayəndə heyəti tərəfindən təhlil edilərək plenar iclasda məruzə edilib. Daha sonra, plenar iclasda bir ölkənin qiymətləndirilməsi, dörd ölkənin isə PY/TMM sahəsində görülmüş tədbirlərə dair tərəqqi hesabtları müzakirə edilib», - deyə QKDK-dan bildirilib.

İlk dəfə olaraq Azərbaycan nümayəndə heyətinin üzvü (Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinq Xidmətinin rəis müavini Anar Salmanov) qiymətləndirici qismində Komitənin üzv ölkələrindən birində (Latviya) keçiriləcək missiyanın tərkibinə daxil edilib.

Plenar iclas zamanı Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib, pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində aparılan işlər üzrə əməkdaşlığın yaradılması və genişləndirilməsinə dair fikir mübadiləsi aparıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR