Bu ilin ilk üç ayında Azərbaycandan ixrac 24% artıb

Bu ilin ilk üç ayında Azərbaycandan ixrac 24% artıb
# 16 aprel 2011 09:41 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə ən çox ixrac olunan mal xam neft olub. İlk 3 ayda ölkədən 4 mlrd. 701 mln. 584,02 min dollarlıq xam neft ixrac olunub ki, bu da ölkədən ümumi ixracın 86,35%-ni təşkil edir.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin ilk 3 ayına nisbətən xam neft ixracı 23,24% artıb. Əvəzində bu müddətdə neft məhsullarının ixracı azalıb. İlk 3 ayda ixracın 4,97%-i neft məhsullarının payına düşür. Bu dövrdə xaricə 270 mln. 724,02 min dollarlıq neft məhsulları ixrac edilib ki, bu da ötən ilkindən 10,62% azdır.

İxracda payına görə sonrakı yerləri bitki və heyvan mənşəli yağlar (0,94%), qara metallar və onlardan hazırlanan məmulatlar (0,69%), meyvə-tərəvəz (0,37%), kimya məhsulları (0,34%), pambıq mahlıcı (0,07%), tütün və tütün məmulatları (0,05%), alkoqollu və alkoqolsuz içkilər (0,05%) və alüminium və ondan hazırlanan məmulatlar (0,02%) tutur.

Hesabat dövründə ixracı ən çox artan məhsul tütün və tütün məmulatları olub - 2 mln. 520,09 min dollarlıq. Bu, ötən ildəkindən 135% və ya 2,35 dəfə artıqdır. Pambıq mahlıcının ixracı 61% artaraq 3 mln. 563,7 min dollar olub. Bu dövrdə qara metallar və onlardan hazırlanan məmulatların ixracı 37,62% artaraq 37 mln. 617,51 min dollar, meyvə-tərəvəz ixracı 36% artaraq 20 mln. 200,00 min dollar, kimya məhsullarının ixracı 29,7% artaraq 18 mln. 426,42 min dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 25% artaraq 1 mln. 214,60 min dollar olub.

Əvəzində ilk 3 ayda ixracı ən çox azalan məhsul alkoqollu və alkoqolsuz içkilər olub. Onların ixracı 43,8% azalaraq 2 mln. 540,44 min manat təşkil edib. Bitki və heyvan mənşəli yağların ixracı 7,39% azalaraq 51 mln. 421,9 min manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR