“Expressbank” son bir ildə kredit portfelini 80% genişləndirib

“Expressbank” son bir ildə kredit portfelini 80% genişləndirib
# 23 aprel 2011 08:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. “Expressbank” ASC-nin kredit portfelinin həcmi 2011-ci ilin aprel ayının 1-də 48,264 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 80% çoxdur. Bankın baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın 12 ay müddətinə ayırdığı kreditlərin həcmi 74% artaraq 28,711 milyon manata, 12 aydan artıq müddətə ayrılan kreditlər 90% artaraq 19,553 milyon manat, istehlak kreditlərinin həcmi 9,3% azalaraq 10,827 milyon manata, vaxtı keçmiş kreditlərin həcmi isə 29% artaraq 3,690 milyon manata çatıb.

Təhlil aparılan dövr ərzində bankın depozit portfeli 5,72% azalaraq 105,812 milyon manat, o cümlədən müddətli depozitlər 35,4% artaraq 15,110 milyon manat, tələb olunanadək depozitlər 10,3% azalaraq 90,702 milyon manat, əhalinin əmanətləri isə 42,1% artaraq 17,040 milyon manat təşkil edib. Bu dövr ərzində bankın qiymətli kağızlar bazarına yatırdığı investisiyaların həcmi 16,5 dəfə artaraq 5,226 milyon manat olub.

Xatırladaq ki, “Expressbank” 1989-cu ildən 2010-cu ilin mart ayınadək “Azərnəqliyyatbank” adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 100%-i hüquqi şəxslərə məxsusdur. Hazırda bankın respublika üzrə 10 filialı, 32 bankomatı, 11 POS-terminalı və 199 işçisi mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR