Azərbaycan hökuməti Asiya İnkişaf Bankını yeni layihələrin icrasında iştirak etməyə dəvət edib

Azərbaycan hökuməti Asiya İnkişaf Bankını yeni layihələrin icrasında iştirak etməyə dəvət edib
# 06 may 2011 08:47 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, mayın 3-də işə başlayan toplantıda Azərbaycanı ölkənin maliyyə naziri, AİB-in Direktorlar Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

İllik toplantının gündəliyinə AİB-in 2010-cu il üzrə illik hesabatının müzakirəsi və keçirilmiş auditin maliyyə nəticələrinin təsdiq olunması daxil edilib.

Bununla yanaşı, dünyanın 67 ölkəsinin üzv olduğu AİB-in builki toplantısında 2008-2009-cu illərin yeni başa catmış qlobal dünya maliyyə böhranından sonrakı şəraitdə dünya iqtisadiyyatının bərpasının aparıcı qüvvəsinə çevrilmiş Asiya regionu ölkələri qarşısında duran cağırışlar, onların həlli yolları, o cümlədən bir cox region ölkələrində yoxsulluğun aradan qaldırılması, əhalinin həyatının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, ətraf mühitə xələl gətirməyən hərtərəfli iqtisadi artımın təmin edilməsi, region ölkələri arasında inteqrasiya proseslərinin təşviqi kimi məsələlər və onların maliyyələşdirilməsi imkanları nəzərdən kecirilib.
İllik toplantı çərçivəsində Azərbaycanın nümayəndə heyəti mayın 4-5-də bir sıra işgüzar görüşlər keçirib. Belə ki, AİB-in prezidenti Haruhiko Kuroda ilə keçirilən görüş zamanı AİB rəhbəri Bankla Azərbaycan arasında mövcud əlaqələrin səviyyəsindən məmnun olduğunu, bununla yanaşı Azərbaycan iqtisadiyyatının diversifikasiyasında Bankın öz töhfəsini verməyə hazır olduğunu bildirib. H.Kuroda Azərbaycanın son illər davamlı olaraq əldə etdiyi yuksək iqtisadi göstəricilərin, xüsusi ilə də dünya maliyyə böhranı zamanı Azərbaycan iqtisadiyyatının göstərdiyi dayanıqlığın təqdirəlayiq olduğunu vurğulayıb.

Öz növbəsində S.Şərifov Azərbaycanın AİB ilə əməkdaşılğa yüksək əhəmiyyət verdiyini və ölkə hökumətinin bu əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Eyni zamanda o, Azərbaycan hökumətinin həyata keçirdiyi sosial iqtisadi siyasət barədə məlumat verib və nəzərdə tutulmuş bir sıra layihələr, o cümlədən regionların su təchizatının yaxşılaşdırılması ilə bağlı hazırlanmış layihələrin həyata kecirilməsinin maliyyələşdirilməsində AİB-i yaxından iştirak etməyə dəvət edib.

S.Şərifovun AİB-in digər rəhbər işciləri ilə keçirilmiş görüşlərində bankın Azəbaycanda həyata keçirdiyi layihələrin cari icra vəziyyəti müzakirə edilib, həmçinin gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Toplantı çərçivəsində, eyni zamanda Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) vitse-prezidenti Kiyoşi Kodera, həmcinin Türkiyə Xəzinadarlığının müstəşarı İbrahim Çanakçı ilə də görüşlər keçirilib, maliyyə sahəsində ikitərəfli əməkdaşlıq və beynelxalq maliyyə institutları çərçivəsində iki ölkə arasında birgə fəaliyyət imkanları müzakirə edilib.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. 2010-cu ilin əvvəlinə Azərbaycanda həyata keçirilən 14 layihə üzrə bankın kredit portfeli 660,4 mln. ABŞ dolları təşkil edir. Bundan başqa, əməkdaşlıq dövründə AİB Azərbaycan hökumətinə və yerli şirkətlərə 13,122 mln. dollar məbləğində qrant ayırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR