Azərbaycan Hesablama Palatası dövlət büdcəsinə dəyişiklikləri bəyənib

Azərbaycan Hesablama Palatası dövlət büdcəsinə dəyişiklikləri bəyənib
# 25 may 2011 12:39 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın 2011-ci il dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dəyişikliklər layihələri Hesablama Palatasının kollegiya iclasında müzakirə edilib. Palatanın məlumatına görə, bununla bağlı palatanın rəyləri müzakirə olunub.

«APA-EConomics»in məlumatına görə, dövlət büdcəsinə dəyişikliklər layihəsinə verilən rəydə 2011-ci ilin ötən dövrünün əsas makroiqtisadi göstəriciləri, büdcə gəlir və xərcləri üzrə məlumatların təhlilinə əsasən Palata tərəfindən proqnoz parametrlərə yenidən baxılmasını zəruri edən amillər ətraflı təhlil olunub. Bu təhlillərin nəticəsi olaraq həm icmal büdcə, həm də dövlət büdcəsinin gəlir və xərclərinin həcminin artırılması əsaslı hesab edilib.

Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dəyişikliklərlə bağlı rəydə isə bildirilir ki, layihə üzrə nəzərdə tutulmuş tədbirlər Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının (2008-2015-ci illər) və Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramının (2009-2015-ci illər) strateji məqsəd və hədəflərinə çatmağa, eyni zamanda «Əmək pensiyaları haqqında» qanunun müəyyən etdiyi funksiyaların yerinə yetirilməsinə xidmət edir.

Rəylər kollegiya iclasında təsdiq edilib və qanun layihələrinin Milli Məclisdə müzakirəyə təqdim edilməsi barədə qərar qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR