Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin gəlirləri proqnozu 11% üstələyib

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin gəlirləri proqnozu 11% üstələyib
# 26 iyul 2011 13:04 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin ilk 6 ayda büdcənin icrasına dair yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, ilk 6 ayda dövlət büdcəsinin mədaxili 5610,8 mln. manat, xərcləri 4882,1 mln. manat olub, 728,7 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Bu dövrdə dövlət büdcəsinin mədaxil proqnozu 110,9% yerinə yetirilib ki, bu da proqnoza nisbətən 552,6 mln. manat, 2010-cu ilin eyni dövrü ilə müqayisədə isə 688,1 mln. manat və ya 14,0% çoxdur.

İlk 6 ayda Vergilər Nazirliyi proqnoza 125,3% əməl edib. Nazirliyin xətti ilə büdcəyə 2 mlrd. 562,9 mln. manat və ya 517,2 mln. manat çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 559,1 mln. manat və ya 27,9% çox vəsait daxil olub. Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,1% əməl olunmaqla büdcəyə 542,4 mln. manat və ya proqnoza nisbətən 0,8 mln. manat çox vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 91,8 mln. manat və ya 20,4% çoxdur.

Dövlət Neft Fondundan büdcəyə 2461,0 mln. manat vəsait transfert edilib. Sair daxilolmalar üzrə büdcəyə 44,5 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 34,6 mln. manat və ya 4,5 dəfə, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 mln. manat və ya 3,3 dəfə çox olub.

Gəlirlərdən fərqli olaraq, dövlət büdcəsinin xərcləri kəsirlə icra olunub. Hesabat dövründə dövlət büdcəsinin xərcləri 94,8% icra edilib. Amma bu, 2010-cu ilin eyni dövrü ilə müqayisədə 605,4 mln. manat və ya 14,2% çoxdur.

2011-ci ilin 6 ayında cari xərclərə dövlət büdcəsi xərclərinin 62,6%-i həcmində və ya 3058,3 mln. manat vəsait sərf edilib ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 239,0 mln. manat və ya 8,5% çoxdur.

Əsaslı xərclərə 1775,2 mln. manat və ya dövlət büdcəsi xərclərinin 36,4%-i həcmində vəsait yönəldilib ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 357,7 mln. manat və ya 25,2% çoxdur. Həmin vəsaitin 1 mlrd. 348,0 mln. manatı dövlət əsaslı vəsait qoyuluşu xərclərinə, 427,2 mln. manatı isə büdcə təşkilatlarına əsas vəsaitlərin alınması xərclərinə sərf edilib.

Dövlət borclarına xidmətlə bağlı xərclərə dövlət büdcəsi xərclərinin 1,0%-i həcmində və ya 48,6 mln. manat vəsait istifadə olunub ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 8,7 mln. manat və ya 21,8% çoxdur.

6 ay ərzində dövlət büdcəsinə daxil olan vəsaitin 38,4%-i və ya 1,9 mlrd. manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2010-cu ilin eyni dövrü ilə müqayisədə 199,0 mln. manat və ya 11,9% çox olub.

İlk 6 ayda kənd təsərrüfatına ayrılan xərclər 22,0%, səhiyyə xərcləri 21,2%, nəqliyyat və rabitə xərcləri 15,2%, sosial müdafiə və sosial təminat xərcləri 10,2%, təhsil xərcləri 9,9% və s. artıb.

2011-ci ilin 6 ayında istifadə olunan 1348,0 mln. manat dövlət əsaslı vəsait qoyuluşu xərclərinin 217,9 mln. Manatı sosial təyinatlı layihələr üzrə (təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı) obyektlərin tikintisinə və yenidən qurulmasına, 1130,1 mln. manat isə enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının və bu qəbildən olan digər obyektlərin tikintisinə, yenidən qurulmasına və müvafiq avadanlıqların alınmasına xərclənib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR