Dünya birjalarında gərginlik yaranıb

Dünya birjalarında gərginlik yaranıb
# 05 avqust 2011 14:43 (UTC +04:00)
ABŞ-da iqtisadi tənəzzülün davam edəcəyi təhlükəsi nəticəsində ölkənin fond bazarları kəskin enmə ilə bağlanıb. «Dow Jones» indeksi 4,31% azalaraq 11 383,68-ə düşüb ki, bu 2008-ci ilin oktyabrından sonra ən ciddi azalma sayılır. «Nasdaq» indeksi 5,08% aşağı düşərək 2 556,39-ə, «S&P 500» indeksi isə 2009-cu ilin fevralından indiyədək ən kəskin azalma nəticəsində 4,8% azalaraq 1 200,07-ə enib. Ümumiyyətlə, «S&P 500» indeksi hələ iyulun 25-dən azalmağa başlayıb və indiyədək 11% aşağı düşüb. Səhmləri daha çox ucuzlaşan şirkətlər xammal sənayesini təmsil edir. Alüminium nəhəngi olan «Alcoa»nın səhmləri 9,3%, «Chevron» neft şirkətinin səhmlərinin dəyəri isə 5,8% azalıb.

Fond bazarlarında qiymətlərin düşməsi elə bir kəskin şəkil alıb ki, ölkənin aparıcı telekanalları ABC, CBS və NBC efiri yarımçıq saxlayaraq, təcili xəbərlər proqramları yayıb.

Amerikadan sonra sarsıntı Asiya fond bazarlarını bürüyüb. Regionun ən iri şirkətlərinin səhmlərini əks etdirən «MSCI Asia Pacific» indeksi avqustun 5-də hərraclar başlayandan 4% azalıb. Nəticədə, mayın 2-də indeksin maksimum hədd olduğu dövrdən indiyədək azalma 10%-ə çatıb. Təkcə ötən həftə «MSCI Asia Pacific» 8% itirib – bu, 2008-ci ilin oktyabrından sonra ən pis göstəricidir. Honkonqun «Hang Seng» indeksi 4,29%, Koreyanın «Kospi» indeksi 3,7%, Şanxay fond birjasının «SSE Composite» indeksi 2,15% azalıb. Yaponiyanın «Nikkei 225» indeksi 3,72% azalıb, sonuncu dəfə belə kəskin azalma bu ilin martında - zəlzələ zamanı baş verib.

Avropa birjalarında da enmə prosesləri davam edir. Bu gün «FTSE 100» indeksi 2,2%, Fransanın «CAC» indeksi 1,6%, Almaniyanın «DAX» indeksi 1,9% azalıb. Ümumiyyətlə, Qərbi Avropanın bütün 18 əsas fond indeksi azalıb. Avropanın iri müəssisələrinin ümumiləşdirilmiş indeksi «Stoxx Europe 600» 0,6% enib. Ümumilikdə, bu indeks 2011-ci ilin fevralında qeydə alınan maksimum həddən indiyədək 16% aşağı düşüb.

Ekspertlərin sözlərinə görə, investorlar dünya və ABŞ iqtisadiyyatının son aylar nə qədər zəiflədiyini başa düşməyə başlayıblar. Dünyada aktivlərin idarə olunması sahəsində ən böyük şirkət olan (hazırda 3,66 trln. dollar idarə edir) «iShares-BlackRock Inc.»in aparıcı strateqi Rass Kosterikin sözlərinə görə, investorları ən çox narahat edən amil Avropa və ABŞ-da büdcəyə qənaət edilməsi və faiz dərəcələrinin «sıfır»a yaxın olmasıdır: «Başa düşülmür ki, belə vəziyyətdə hökumət hansı addım ata bilər».

Qeyd edək ki, adətən iqtisadi artım zəifləyəndə faiz dərəcələrinin aşağı salınması iqtisadi artım üçün müəyyən stimul rolu oynayır. Hazırda faiz dərəcələrinin sıfır ətrafında olması isə o deməkdir ki, indi bu üsuldan istifadə etmək mümkün deyil.

Digər ekspertlər investorlar arasında təşviş və qorxu olduğunu bildirirlər. Onların sözlərinə görə, hamı hesab edirdi ki, dövlət borcu üzrə tavanın yüksəldilməsi problemi həll edəcək: «Amma ümumilikdə iqtisadiyyatın zəif olduğunu deyəsən hamı yaddan çıxarmışdı».

Xammal bazarında da enmə başlayıb. Neftin və digər xammalların qiyməti aşağı düşür. Artıq «Brent» neftinin qiyməti may ayından indiyədək ilk dəfə olaraq 105 dollara enib. ABŞ birjalarında Texas neftinin qiyməti son 3 ayda ən aşağı həddə - 86,06 dollara düşüb. Xammal metalların - mis və nikelin də qiyməti düşür (müvafiq olaraq 1,8% və 1,44%). Əvəzində qızılın qiyməti artır. Bu ərəfədə qızıl növbəti bahalaşma rekordunu təzələyib – hərraclarda qızılın 1 unsiyası 1 684,8 dolara çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR