BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 46% azalıb

BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 46% azalıb
# 08 avqust 2011 13:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 32 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 10 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 47,884 mln. manat təşkil edib. Bu isə iyun ayı ilə müqayisədə 35,8%, ötən ilin iyul ayı ilə müqayisədə isə 46,2% azdır.

Hesabat ayında valyuta seksiyasının USD/AZN üzrə hərracların ümumi həcmi 45,943 mln. manat və yaxud dollar ekvivalentində 58,415 mln. təşkil edib. Ötən ilin iyul ayı ilə müqayisədə bu göstərici 48,4% azalıb. Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 1,391 mln. dollara çatıb, halbuki, hər əqdin orta həcmi 1,825 mln. dollar təşkil edib.

EUR/AZN aləti üzrə ümumi dövriyyə 1 940 590 mln. manat təşkil edib, və bu alət üzrə avronun manata orta ölçülmüş məzənnəsi 1,1415 manat təşkil edib. Ötən ilin iyul ayına nisbətən EUR/AZN aləti üzrə dövriyyənin həcmi 9,6 dəfə artıb.

Eyni zamanda, iyul ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «Azərbaycan Sənaye Bankı» (41,36%), «Bank Standard» (26,24%), «Xalq Bank» (17,12%), «AGBank» (5,73%) və «Unibank» (4,60%) malik olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR