«World Trade Report»: Çin dünyanın ən iri ixracatçısıdır

«World Trade Report»: Çin dünyanın ən iri ixracatçısıdır
# 10 avqust 2011 16:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində dünyada xarici ticarətin həcmi 2009-cu ilə nisbətən 14,5% artıb «APA-Economics»in məlumatına görə, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) dərc etdiyi «World Trade Report» hesabatında bildirilir.

Hesabata əsasən, 2010-cu ildə ticarətin artımı 1950-ci ildən bəri ən yüksək həddə çatıb və hətta 2008-ci ilin göstəricisini geridə qoyub.
Ötən il dünyada cari qiymətlərlə mal ixracının həcmi 22% artaraq 14,855 trln. ABŞ dollarına, təkrar ixrac əməliyyatları da nəzərə alınmaqla 15,238 trln. dollara çatıb. Belə böyük artım dünya bazarında qiymətlərin yüksəlməsi ilə bağlıdır – ötən il qiymətlər 2009-cu ilə nisbətən 26%, o cümlədən metal 48%, ərzaq 12%, qeyri-ərzaq kənd təsərrüfatı malları 33%, enerji daşıyıcıları 26% bahalaşıb.

Hesabatda həmçinin qeyd olunub ki, 2010-cu ildə dünyanın ən böyük 5 ixracatçı ölkəsi - Çin, ABŞ, Almaniya, Yaponiya və Niderland olub. Belə ki, Çin ötən il ərzində 1,580 trln. dollarlıq mal satıb və bu göstəricinin dünya ixracatında xüsusi çəkisi 10% təşkil edib. Öz növbəsində ABŞ 2010-cu ildə 1,280 mlrd. dollarlıq (8%), Almaniya 1,270 trln. dollarlıq (8%), Yaponiya 770 mlrd. dollarlıq (5%), Niderland isə 572 mlrd. dollarlıq (3,8%) mal realizə edib.

Ötən ilin 5 ən böyük idxalçı ölkəsi sırasına isə 1,970 trln. dollarla ABŞ (13%), 1,400 trln. dollarla Çin (9%), 1,070 trln. dollarla Almaniya (7%), 693 mlrd. dollarla Yaponiya (4,5%) və 606 mlrd. dollarla Fransa (4%) daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR