Haruhiko Kuroda daha 5 il müddətinə Asiya İnkişaf Bankının prezidenti seçilib

Haruhiko Kuroda daha 5 il müddətinə Asiya İnkişaf Bankının prezidenti seçilib
# 11 avqust 2011 12:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası bankın hazırkı prezidenti Haruhiko Kurodanı (Haruhiko Kuroda) növbəti 5 il ərzində AİB-in prezidenti vəzifəsinə seçib. «APA-Economics»in məlumatına görə, bu barədə AİB-in rəsmi internet saytında bildirilir.

Artıq ikinci dəfə bu vəzifəyə seçilən H.Kurodanın növbəti 5 illik fəaliyyəti cari ilin noyabrın 24-dən başlayacaq. İlk dəfə olaraq H.Kuroda AİB-in prezidenti vəzifəsinə 2004-cü ilin noyabr ayında seçilib ki, o, 2005-ci ilin fevralın 1-dən bankın əvvəlki prezidenti Tadao Çinonun (Tadao Chino) qalıq müddətini icra edib. Daha sonra isə (2006-cı ilin noyabr ayında) H.Kuroda 5 il müddətinə AİB-in prezidenti vəzifəsinə seçilib.

Qeyd edək ki, H.Kuroda AİB-in sayca səkkizinci prezidentidir. Onun başçılığı altında AİB 2020-ci ilədək bankın uzunmüddətli strategiyasını qəbul edib. H.Kuroda bu vəzifədə olduğu zaman AİB-in kapital ehtiyatları 3 dəfə artaraq 165 mlrd. ABŞ dollarına çatıb.

Xatırladaq ki, AİB-in baş qərargahı Manilada (Filippin) yerləşir və əsas məqsədi iqtisadi artım, davamlı inkişaf və regional inteqrasiya yolu ilə Asiyada və Sakit Okean hövzəsində yoxsulluğu azaltmaqdır. Hələ 1966-cı ildə təsis edilən AİB-in 67 üzvü var ki, bunun da 48-i Asiya regionunda yerləşir. Ötən il AİB-in təsdiqlədiyi maliyyə köməyinin həcmi 17,51 mlrd. dollar (birgə maliyyələşdirmə daxil olmaqla) təşkil edib. Bundan başqa, AİB ticarətin maliyyələşdirilməsi sahəsində ticarət sektoruna 2,8 mlrd. ABŞ dollar ayırıb.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir. AİB 10 illik (1999-2009) əməkdaşlıq dövrü ərzində Azərbaycana 600-700 mln. ABŞ dolları civarında vəsait, eləcə də 11,5 mln. dollar qrant ayırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR