«KredoBank» son bir ildə mənfəətini 81% artırıb

«KredoBank» son bir ildə mənfəətini 81% artırıb
# 17 avqust 2011 13:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyulun 1-nə Azərbaycanın «KredoBank» ACS-nin aktivlərinin həcmi ötən ilin analoji dövrünə nisbətən 21,8% artaraq 82,191 mln. manat təşkil edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 3,1% azalaraq 11,351 mln. manata, kredit portfeli 30,3% artaraq 65,071 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 31% artaraq 12,214 mln. manata çatıb.

Təhlil aparılan dövr ərzində bankın məcmu kapitalı 44% artaraq 20,672 mln. manat, o cümlədən nizamnamə kapitalı 42,2% artaraq 18,540 mln. manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-iyun ayları ərzində bankın ümumi gəlirləri 22% azalaraq 3,974 mln. manat, xərcləri isə 26,4% azalaraq 3,509 mln. manat olub. Nəticədə, hesabat dövründə bankın mənfəəti ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 81,1% artaraq 581,3 min manata çatıb.

Bundan başqa, bu müddət ərzində bankın müştərilərinin sayı 12,3% artaraq 27 475-ə, o cümlədən fiziki şəxslərin sayı 12,1% artaraq 24 606-ya, hüquqi şəxslərin sayı isə 14,5% artaraq 2 869-a çatıb.

Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «KredoBank» 1994-cü ildə yaradılıb. Cari ilin iyulun 1-nə bankın ölkə üzrə 15 filialı, 4 bankomatı və 54 POS-terminalı fəaliyyət göstərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR