Azərbaycanın sığorta bazarı son bir ildə 32% artıb

Azərbaycanın sığorta bazarı son bir ildə  32% artıb
# 19 avqust 2011 08:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanmış sığorta haqlarının ümumi həcmi 116,468 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 31,5% çoxdur.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 22% artaraq 32,610 mln. manata çatıb.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmalar 78,3% artaraq 1,520 mln. manat, qeyri-həyat sığortası üzrə 12% artaraq 78,284 mln. manat, icbari sığorta növləri üzrə isə təxminən 2 dəfə artaraq 36,395 mln. manat olub.

Ödənişlərə gəldikdə, həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 40% azalaraq 0,133 mln. manat, qeyri-həyat sığortası üzrə 23% artaraq 26,795 mln. manat, icbari sığorta növləri üzrə isə 18% artaraq 5,683 mln. manata çatıb.

Bundan başqa, daxilolmaların strukturunda ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (24,003 mln. manat), «Tibbi sığorta» (18,745 mln. manat), «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» (14,530 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (11,656 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (11,017 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında bazar payı müvafiq olaraq 20,6%, 19,1%, 12,5%, 10% və 9,5% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (11,012 mln. manat və ya 34%), «Avtonəqliyyat vasitələrinin sığortası» (9,513 mln. manat və ya 29%), «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (4,284 mln. manat və ya 13,1%) və «Hava nəqliyyatı vasitələrinin sığortası» (2,893 mln. manat və ya 8,9%) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR