Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində geniş kollegiya iclası keçirilib

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində geniş kollegiya iclası keçirilib
# 03 noyabr 2011 10:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) 2011-ci ilin 9 ayının yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, iclasda çıxış edən Komitə sədri Rüfət Aslanlı cari ilin yanvar-sentyabr ayları ərzində dünya iqtisadiyyatındakı böhransonrası bərpa proseslərinin artan qlobal risklər fonunda aşağı artım templəri ilə xarakterizə olunduğunu bildirib. Sədr dünya iqtisadiyyatındakı yüksək işsizlik və daxili tələbatın azlığı, suveren borc və büdcə konsolidasiyası problemlərinin davam etdiyini vurğulayaraq, belə bir şəraitdə tədricən artan inflyasiya meyllərinin iqtisadi artım templərinə təsir edən əsas amillər olduğunu vurğulayıb. R.Aslanlı qeyd edilən faktorların maliyyə bazarlarına təsirindən də danışaraq, cari il ərzində qlobal fond indekslərinin dinamikasında azalma trendlərinin üstünlük təşkil etdiyini və indekslərin yüksək volatillik nümayiş etdirdiyini bildirib. Hesabat dövründə qlobal iqtisadi artımın qeyri-bərabərliyinin davam etdiyini bildirən QKDK sədri, Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən cari il ərzində inkişaf etmiş ölkələrdə 1,6%, inkişaf etməkdə olan ölkələrin 6,4% olmaqla, bütövlükdə dünya iqtisadiyyatında 4%-lik artımın gözlənildiyini bildirib.

R.Aslanlı qlobal iqtisadiyyatdakı bu təsirlər fonunda Azərbaycan iqtisadiyyatında inkişafın ötən dövrlərdə olduğu kimi, hesabat dövrü ərzində də davam etdiyini xüsusi qeyd edib. Sədr bu uğurların həyata keçirilən uğurlu iqtisadi şaxələndirmə siyasətinin nəticəsi olduğunu qeyd edərək artımın əsasən qeyri-neft sektorundakı 8,2%-lik inkişaf hesabına dəstəkləndiyini bildirib. Komitə sədri hesabat dövründə qeyri-neft sektoruna investisiya qoyuluşlarının 28,8% artdığını vurğulayaraq bunun növbəti onillikdə ölkə iqtisadiyyatının iki dəfə artırılması hədəfinin realizasiyası üçün mühüm şərtlərdən biri olduğunu bildirib.

Belə bir şəraitdə iqtisadiyyatın bütün sahələrində yüksək kapitallaşmanın təmin edilməsinin zərurətini bildirən sədr bu əsasda qiymətli kağızlar bazarının da mühüm missiya daşıdığını qeyd edib. R.Aslanlı ölkənin qiymətli kağızlar bazarında dinamik inkişafın davam etdiyini bildirərək özəl sektorun maliyyələşmə imkanlarının daha da genişləndirilməsi və iqtisadiyyatın kapitallaşmasının təmin edilməsi istiqamətində cari ilin may ayında ölkə prezidentinin sərəncamı ilə qəbul edilmiş Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramının (2011-2020-ci illər) effektiv icrasının əhəmiyyətini vurğulayıb.

Sonra QKDK-nın sədr müavinləri və Komitənin Aparatının rəhbəri məruzələrlə çıxış edərək, kurasiyalar üzrə struktur bölmələr tərəfindən həyata keçirilən tədbirlər və onların strateji fəaliyyət planlarının icra vəziyyəti barədə məlumat veriblər.

Məruzələrdə sözügedən Dövlət Proqramının icrasına başlanıldığı qeyd edilib və bildirilib ki, Proqramın icrasının səmərəli koordinasiyası məqsədilə müvafiq mexanizmlər formalaşdırılıb və aidiyyəti dövlət orqanlarının iştirakı ilə Əlaqələndirmə Qrupu fəaliyyəti təşkil edilib. Habelə, Proqramın birinci mərhələsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə 2011-2012-ci illəri əhatə edən geniş fəaliyyət planları hazırlanıb, qeyd edilən tədbirlərin dəqiq icra müddətləri və icraçıları müəyyən edilib.

Məruzələrdə qeyd edilib ki, Dövlət Proqramında nəzərdə tutulmuş müasir, iqtisadiyyata geniş kapitallaşma imkanları təmin edən və effektiv tənzimlənən fond bazarının formalaşdırılması məqsədilə hesabat dövründə qanunvericilik bazası təkmilləşdirilib, 13 normativ hüquqi sənəd hazırlanıb, bazar infrastrukturunun inteqrasiyası və əməliyyatlarının sadələşdirilməsi təşəbbüsləri davam etmiş, lisenziyalaşdırma və tənzimləmə proseduraları beynəlxalq standartlara uyğunlaşdırılıb, yeni maliyyə alətlərinin bazara çıxarılması təmin edilib.

Sonda Kollegiyanın sədri R.Aslanlı QKDK-nın struktur bölmələrinin 2011-ci il üzrə fəaliyyət planlarında nəzərdə tutulmuş tədbirlərin tamamlanması və 2012-ci il üzrə hədəf və prioritetlərin müəyyən edilməsi və fəaliyyət planlarının hazırlanmasına dair müvafiq tapşırıqlar verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR