Azərbaycanda plastik bank kartlarının sayı 10% artıb

Azərbaycanda plastik bank kartlarının sayı 10% artıb
# 11 noyabr 2011 07:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda buraxılmış plastik bank kartların sayı 2011-ci il sentyabrın 1-nə 4 448 min ədəd təşkil edib ki, bu da 2010-cu il sentyabrın 1-nə nisbətən 397 min ədəd və ya 9,8% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kartların 2 489 mini sosial, 1 318 mini əmək haqqı, 487 mini digər debet, 154 mini isə kredit kartlarıdır.

Cari ilin yanvar-avqust ayları ərzində plastik kartlarla 33 401 min əməliyyat aparılıb, əməliyyatların həcmi 4 639 mln. manat təşkil edib ki, bu göstəricilər son bir ildə müvafiq olaraq 11,4% və 21,6% artıb.

Debet kartları ilə aparılan əməliyyatların sayı 31 639 minə bərabər olub ki, bu da ümumi sayın 94,7%-ni təşkil edir. Debet kartları ilə əməliyyatların həcmi isə 4 150 mln. manat olub ki, bu da ümumi həcmin 89,5%-ni təşkil edir. Öz növbəsində, kredit kartları ilə 1 763 min əməliyyat aparılıb, əməliyyatların həcmi isə 488 mln. manata bərabər olub.

Debet kartları üzrə bir əməliyyatın ortalama həcmi 138,9 manat, kredit kartları üzrə isə bu göstərici 276,8 manat təşkil edir.

Qeyd edək ki, plastik kartlarla aparılan əməliyyatların 30 219 mini və ya 90,5%-i nağd pulun çıxarılması ilə bağlı olub. Bu əməliyyatların həcmi 4 210 mln. manat təşkil edib ki, bu da ümumi həcmin 90,8%-nə bərabərdir. Beləliklə, Azərbaycanda plastik kartlar əsasən nağd pulların çıxarılması üçün istifadə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR