Azərbaycan fond bazarının inkişafı üçün vergi güzəştləri tətbiq oluna bilər

Azərbaycan fond bazarının inkişafı üçün vergi güzəştləri tətbiq oluna bilər
# 15 noyabr 2011 13:29 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu, «Azərbaycanda kapital bazarlarının müasirləşdirilməsi Layihəsi» çərçivəsində nəzərdə tutulur. Layihənin məqsədi kapital bazarlarında səmərəli tənzimləyici çərçivənin və infrastrukturun formalaşdırılması ilə maliyyələşmə və ya investisiya aləti kimi səhm və borc alətlərindən istifadənin genişləndirilməsini təşviq etməkdir.

Layihəyə uyğun olaraq, Qiymətli Kağızlar Dövlət Komitəsi (QKDK) kapital bazarlarında potensialın artırılması və təklifin stimullaşdırılması üzrə Məsləhətçi Xidmətlərinə dair maraqların ifadəsi sorğusu elan edib.

Məsləhətçi xidmətləri dörd komponentdən ibarətdir. Bura, «Bazar infrastrukturunun təkmilləşdirilməsi və avtomatlaşdırılması», «Hüquqi və tənzimləyici bazanın təkmilləşdirilməsi», «Təklifin stimullaşdırılması» və «İnstitusional və investor potensialının artırılması» daxildir.

Bazar infrastrukturunun təkmilləşdirilməsi və avtomatlaşdırılmasına əsasən texniki məsələlərin həlli, o cümlədən post-ticarət əməliyyatları üçün vahid təsisatın yaradılması, vahid post-ticarət təsisatına çıxışın və onun funksionallığının genişləndirilməsi və s. aiddir.

Ən maraqlı yeniliklər hüquqi və tənzimləyici bazada gözlənilir. Belə ki, qiymətli kağızlar bazarı haqqında hazırlanmış yeni qanun layihəsinin təkmilləşdirilməsi, qanunaltı normativ bazanın formalaşdırılması nəzərdə tutulur. Bundan başqa, məsləhətçi şirkət qiymətli kağızlar bazarında bank və sığorta şirkətlərinin iştirakına dair də təkliflər hazırlanacaq. Maraqlı yeniliklərdən biri bazarın təşviqi ilə bağlı olacaq. Belə ki, qiymətli kağızlar bazarının inkişafını dəstəkləyən vergi siyasəti ilə bağlı tövsiyələr hazırlanmalıdır. Yəni, qiymətli kağızlar bazarının inkişafı üçün vergi güzəştləri nəzərdə tutulacaq. Təklifin stimullaşdırılması ilə bağlı görüləcək işlərə dövlət qiymətli kağızlar bazarının və digər maliyyə alətlərinin inkişaf etdirilməsi, eləcə də korporativ borc bazarının inkişafının təşviqi nəzərdə tutulur. Bu sahədə gözlənilən maraqlı yeniliklərdən biri dövlət şirkətlərinin və infrastruktur layihələrinin maliyyələşdirilməsində kapital bazarı alətlərindən istifadənin təşviqidir.

QKDK-nın tədqiqatlar və bazarın inkişafı şöbəsi beynəlxalq münasibətlər sektorunun müdiri İlkin Əliyev «APA-Economics»ə bildirib ki, söhbət dövlət tərəfindən həyata keçirilən böyük infrastruktur layihələrinin kreditlərlə deyil, istiqraz və ya digər qiymətli kağızların yerləşdirilməsi yolu ilə həyata keçirilməsindən gedir: «Yəni, bu layihələr üçün tələb olunan maliyyə vəsaitlərinin qiymətli kağızların emissiyası ilə cəlb edilməsi nəzərdə tutulur. Onsuz da bu pullar dövlət büdcəsindən faizlərlə qaytarılır. İndi isə ödənişlər buraxılmış kağızlar üzrə aparılacaq».

«Azərbaycanda kapital bazarlarının müasirləşdirilməsi Layihəsi» çərçivəsində sahibkarlığa dövlət dəstəyi mexanizminə də dəyişiklik edilə bilər. Belə ki, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin göstərilməsində kapital bazarı alətlərindən istifadənin təşviqi və genişləndirilməsi nəzərdə tutulur. İ.Əliyev bildirib ki, bura kiçik və orta şirkətlərə fond bazarı vasitəsilə, yəni onların qiymətli kağızlarının buraxılması ilə dəstək verilməsi aiddir: «Məsələn, onların səhmlərinin fond bazarında satılması və ya istiqrazlarının alınması yolu ilə vəsaitlərin cəlb edilməsi mümkündür». Lakin bunun üçün emitent-şirkətlər müvafiq listinq tələblərinə cavab verməlidir.

Bütün bu işlərin 2012-ci ilin əvvəlindən 2015-ci ilin sonunadək həyata keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, «Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi» Dünya Bankından cəlb edilmiş kredit hesabına həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR