Praqada Azərbaycan-Çexiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilib

Praqada Azərbaycan-Çexiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilib
# 16 noyabr 2011 12:33 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Noyabrın 14-də Praqada iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Çexiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilib. Bu barədə “APA-Economics”ə Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə bildirib.

Onun sözlərinə görə, iclasda komissiyanın həmsədrlərindən - Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov və Çexiya ticarət və sənaye nazirinin müavini Milan Qovorkadan başqa, iki ölkənin dövlət qurumlarının, o cümlədən Nəqliyyat, Mədəniyyət, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Dövlət Dəniz Administrasiyasının nümayəndələri, Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov iştirak ediblər.

İclasın yekunlarına əsasən iki ölkə arasında iqtisadiyyat, ticarət və elm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əsaslarını təsdiqləyən protokol imzalanıb. Komissiyanın növbəti iclasının gələn il yayın sonu-payızın əvvəlində Bakıda keçirilməsi qərara alınıb. Tərəflər Azərbaycan və Çexiya arasında nəqliyyat, infrastruktur, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Hökumətlərarası Komissiyanın iclasından sonra Azərbaycanda investisiya imkanlarına dair təqdimat keçirilib.

Səfər çərçivəsində Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bir sıra ikitərəfli görüşlər keçirib, o cümlədən Çexiya xarici işlər nazirinin müavini Tomaş Dub, MDB ölkələri üzrə Ticarət-İqtisadi Palatasının prezidenti Vatslav Petşiçek və icraçı direktoru Frantiş Masonusla görüşüb. Görüşlərdə iki ölkə arasında viza rejiminin sadələşdirilməsi imkanları, ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi, enerji sektorunda əməkdaşlığın inkişafı, gələn il Azərbaycan prezidenti İlham Əliyevin Çexiyaya cavab səfərinin hazırlanması məsələləri müzakirə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR