«Uralsib Leasing» şirkəti Azərbaycandakı törəmə müəssisəsini satıb

«Uralsib Leasing» şirkəti Azərbaycandakı törəmə müəssisəsini satıb
# 16 noyabr 2011 12:56 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş direktor müavini Musa Turabov bildirib.

M.Turabovun sözlərinə görə, şirkətin səhmlərinin hamısı bir nəfər yerli fiziki şəxsə satılıb: «Səhmlərin fiziki şəxsə satılmasının əsas məqsədi şirkət üçün əlavə investisiyaların cəlb olunması ilə bağlıdır. «Uralsib Leasing» şirkəti «Nikoil Leasing»in təsisçisi olduğu vaxtlarda da müəyyən həcmdə investisiyalar cəlb olunub. Lakin əlavə investisiyaların cəlb edilməsində müəyyən problemlər olub».

M.Turabov bildirib ki, yeni səhmdarın mövcud imkanları və işgüzar əlaqələri şirkət üçün əlavə investisiyaların cəlb edilməsinə imkan yaradır: «Bu əlaqələrin nəticəsi olaraq, cari ilin sonunadək daxili bazardan 1 mln. manat həcmində vəsait cəlb ediləcək ki, bu vəsaitlər şirkətin pərakəndə lizinq məhsullarının - xüsusi təyinatlı texnika, avadanlıq, minik avtomobillərinin satışına yönəldiləcək».

M.Turabov şirkətin hazırda yalnız pərakəndə lizinq məhsullarının satışı ilə məşğul olduğunu qeyd edib. «Korporativ lizinq məhsullarının satışını həyata keçirmək şirkətin strateji planında nəzərdə tutulub. Bu işlərə isə 2012-ci ildən başlanması gözlənilir», deyə M.Turabov bildirib.

M.Turabov yeni səhmdarın cəlb edilməsi ilə şirkətin lizinq xidmətləri üzrə faiz dərəcələrində dəyişiklik edilmədiyini də vurğulayıb: «Ümumiyyətlə, hələlik xidmətlər üzrə faiz marjası hesablanmayıb. Marjalar investisiyaların cəlb olunması şərtlərindən asılı olacaq».

Qeyd edək ki, təsisçinin dəyişməsi ilə şirkətin menecmentində də dəyişiklik olub. Belə ki, əvvəllər şirkətin baş direktoru vəzifəsini icra edən Maksim Anisimov hazırda «UralSib» korporasiyasında rəhbər vəzifədə çalışır. M.Anisimovu bu vəzifədə isə Azərbaycan vətəndaşı Raisa Babayeva əvəzləyib.

Xatırladaq ki, «Nikoil Leasing» şirkəti 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Cari ilin aprelin 1-nə şirkətin lizinq portfeli 4,942 mln. manat, lizinqə verdiyi avadanlıqların dəyəri 8,396 mln. manat, nizamnamə kapitalı isə 100 min manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR