Milli Büdcə Qrupu: «Gələn il Azərbaycan Dövlət Neft Fondunun daxilolmalarının 98%-i istifadə olunacaq»

Milli Büdcə Qrupu: «Gələn il Azərbaycan Dövlət Neft Fondunun daxilolmalarının 98%-i istifadə olunacaq»
# 18 noyabr 2011 11:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda 2012-ci ildə dövlət büdcəsinin daxilolmalarının 75%-i neft gəlirləri hesabına formalaşacaq. Büdcə gəlirlərinin artımının 79,5%-i isə Dövlət Neft Fondunun (ARDNF) payına düşür. «APA-Economics»in məlumatına görə, bu barədə «Milli Büdcə Qrupu» QHT Koalisiyasının açıqladığı 2012-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı rəyində bildirilir.

MBQ-nin rəyində bildirilir ki, gələn il büdcə gəlirlərində nəzərdə tutulan 810,96 mln. manatlıq artımın 79,5%-i ARDNF-in büdcəyə transferləri hesabına təmin olunacaq, nəticədə fonddan köçürmələrin büdcə gəlirlərindəki payı 60%-i keçəcək ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir. Qeyd edək ki, 2011-ci ildə bu göstəricinin 59,2% olması gözlənilir.

Ümumiyyətlə, MBQ-nin rəyində deyilir ki, gələn il Neft Fondunun gəlirlərinin 98%-i istifadə olunacaq, bu da ARDNF-in gəlirlərinin uzunmüddətli istifadə prinsiplərinə ziddir: «Belə ki, 2004-cü ildə təsdiqlənmiş Neft və qaz gəlirlərinin idarə olunması üzrə Strategiyaya əsasən, Fondun daxilolmalarının azı 25%-i yığıma yönəldilməlidir».

MBQ neft bumu başlayandan sonra ilk dəfə olaraq icmal büdcənin kəsirlə proqnozlaşdırıldığına diqqəti çəkir. ÜDM-nin strukturunda qeyri-neft sektorunun böyüməsi ilə bağlı proqnozlara baxmayaraq, 2012-ci ilin büdcəsində onun payının adekvat artımı gözlənilmir. MBQ-nin üzvü, Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl bildirib ki, əslində qeyri-neft sektorunun büdcədəki payı elan ediləndən də azdır. Belə ki, Hasilatın Pay Bölgüsü sazişləri üzrə subpodratçıların ödədiyi mənfəət vergisi və burada çalışanların gəlir vergisi neft deyil, qeyri-neft sektoruna aid edilir: «Nəticədə, büdcə gəlirlərində neft sektorunun payı 75%-ə çatıb».

MBQ-nin rəyində sadələşdirilmiş vergi üzrə proqnozların xidmət sektorunun artım sürətinə uyğun olmadığı da göstərilir. Belə ki, rəsmi proqnozlara görə, gələn il ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 13,3%, tikintidə 9,5%, digər xidmətlərdə 5,8% artım olacağı bildirilsə də, sadələşdirilmiş vergi yığımlarının cəmi 1,1% artması proqnozlaşdırılır.

MBQ-nin büdcə layihəsindən çıxardığı nəticələrdən biri də gələn il vergi sanksiyalarının sərtləşdirilməsi ilə bağlıdır. Belə ki, proqnozlara görə, 2012-ci ildə vergi qanunvericiliyinin pozulmasına görə cərimə və sanksiyalar kimi 120 mln. manatın toplanması nəzərdə tutulub. Bu, 2011-ci ildəki göstəricidən təxminən 3 dəfə artıqdır. Koalisiya ekspertlərinin fikrincə, bu, gələn il vergi inzibatçılığının artması ilə bağlı ola bilər: «Əks halda, bir neçə ay əvvəlcədən maliyyə sanksiyalarının həcminin necə proqnozlaşdırıldığı aydın deyil».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR