Avropa Birliyi ölkələri yeni büdcə sazişi imzalayıb

Avropa Birliyi ölkələri yeni büdcə sazişi imzalayıb
# 02 mart 2012 11:38 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Birliyinə (AB) daxil olan 25 ölkə yeni büdcə sazişi imzalayıb. “APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, sazişə əsasən dövlətlər büdcə intizamının “qızıl qaydası”na riayət etmək öhdəliyi götürüblər.

Saziş AB sammitinin ikinci günündə imzalanıb. Böyük Britaniya və Çexiya sənədi imzalamaqdan imtina ediblər.

Sazişdə əks olunan yeni qaydalara əsasən, ölkənin büdcə kəsiri ÜDM-in 0,5%-ni üstələməməlidir. Dövlət borcunun səviyyəsi aşağı olan ölkələr üçün bu göstərici 1% həddində müəyyənləşdirilib. Hazırda isə büdcə kəsirinin norması 3%-dir və tövsiyə xarakteri daşıyır.

Yeni şərtlərə əsasən, borclanmanın həcmi ÜDM-in 60%-dən çox olmamalı, avrozona ölkələri ildə iki dəfə sammit keçirməlidirlər.

Sazişi yerli parlamentlər təsdiqləməlidir. İrlandiya isə məsələni referenduma çıxarmaq qərarına gəlib. Sənədin qüvvəyə minməsi üçün avrozonanın 17 ölkəsindən azı 12-si onu ratifikasiya etməlidir. Bu prosesin isə minimum 1 il vaxt aparacağı gözlənilir. Paktı qəbul etməkdən imtina edən ölkələr AB-nin maliyyə yardımından məhrum olacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR